...

Novruz Məmmədov: "Azərbaycan Polşada keçirilən energetika sammitində imkanlarını reallaşdırmaq üçün iştirak edib"

Siyasət Materials 21 May 2007 13:49 (UTC +04:00)
Novruz Məmmədov: "Azərbaycan Polşada keçirilən energetika sammitində imkanlarını reallaşdırmaq üçün iştirak edib"

Azərbaycan, Bakı/ " , müxbir A.İsmayılova/

Trend in Azərbaycan Prezidenti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsi

- Bu günlərdə Minsk qrupu üzvlərindən biri olan Fransanın yeni prezidenti seçildi. Nikola Sarkozinin hakimiyyəti dövründə Azərbaycanla Fransa arasında əməkdaşlıq perspektivlərini necə görürsüz?

- Mən düşünürəm ki, Azərbaycanla Fransa arasında olan münasibətlər, onların bugünkü durumu və gələcək perspektivləri fundamental müstəvi uzərində qurulub və bu, hər iki xalqın, hər iki ölkənin qarşılıqlı mənafelərinə cavab verdiyi üçün dəyişməz qalacaq.

Düzdür, yeni prezidentin seçilməsi ərəfəsində, elə indi də müxtəlif fikirlər söylənilir, proqnozlar verilir, amma xalqlarımız, dövlətlərimiz arasında olan münasibətlər əsas xətti dəyişməyəcək. Prezident Sarkozinin yeni hökuməti təşkil etməsində bu fikirlər özünü doğruldur. Eyni zamanda, Sarkozinin özündən də bununla bağlı inqilabi bir dəyişiklik gözləməyə dəyməz.

- Bir müddət əvvəl, Fransa Senatı "erməni soyqırımı" məsələsini müzakirəyə çıxaranda, o vaxtkı prezident Jak Şerak öz "veto" hüququndan istifadə etmişdi. Sarkozidən belə mövqe gözləmək olarmı?

- Adətən namizədlərin seçkidən əvvəlki mövqeyi ilə sonrakı fəalliyyəti arasında müəyyən fərqlər olur. Mən düşünürəm ki, bu məsələ Fransa Senatında yenidən qaldırıla bilər, amma münasibətin necə olacağını dəqiq demək mümkün deyil. İndiyə qədər Fransada bu mövqeyin tərəfdarları çoxdur. Bu, prezident Şirakın vaxtında da belə idi. Sadəcə olaraq, Türkiyə, Azərbaycan və bunda maraqlı olan digər qüvvələr də öz mübarizəsini davam etdirməlidir.

- Ermənistanda parlament seçkilərindən əvvəl belə fikir səsləndirilirdi ki, bu proses Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları dayandırır. Seçkilər artıq bitdi. İndi nə gözləmək olar, məsələnin həlli olacaqmı?

- Əslində, normal, sabit ölkədə seçkilər bu xarakterli danışıqlara öz təsirini göstərməməlidir. Ermənistan rəhbərləri, müəyyən dairələr bundan özləri üçün bəhanə kimi istifadə edirlər və görüşlər keçirməmək, danışıqları uzatmaq üçün bu cür hadisələrdən istifadə edirlər. Son dövrlərdə bir sıra məsələlərlə bağlı razılaşma əldə olunur və yaxud tərəflər razılaşmaya çox yaxınlaşır, lakin bir neçə prinsipial məsələ var ki, onlarla bağlı hələlik razılaşma yoxdur və əslində məhz həmin məsələlər bütün danışıqların mahiyyətini özündə cəmləyib. Amma danışıqlar davam etdirilməlidir. Ermənilər danışıqlara ona görə gedirlər ki, dünya birliyi onları bu mövqelərinə görə ittiham etməsin. Onlar danışıqlara gözdən pərdə asmaq üçün gedirlər. Ermənistana olan təzyiq getdikcə artır. Bu total bir təzyiqdir. Bu təzyiq həm danışıqlar prosesi, həm həmsədrlərin və beynəlxalq təşkilatların mövqeyi, həm də Azərbaycanın iqtisadi və hərbi inkişafı ilə bağlıdır. Ermənilər nə isə etmək istəyirlər, amma onların rəhbərləri özlərində çürət tapa bilmirlər ki, etiraf etsinlər - neçə illərdir ki, torpaqlarımızı işğal altında saxlayırlar. Birinci mərhələdə yeddi rayonumuzu azad etməlidirlər, sonra isə danışıqlar davam etdirilməli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyən edilməlidir.

- Bir müddət əvvəl cəmi beş rayonun qaytarılması ilə bağlı səsləndirilən fikirlər nəyə əsaslanırdı. Bunu deyənlərdən biri də, amerikalı həmsədr Metyu Brayza idi.

- Bu danışıqlar prosesidir. Həmsədrlər müxtəlif bəyanatlar verə bilərlər.Biz bunu istəsək də, istəməsək də etiraf etməliyik ki, həmsədrlər də, hətta müəyyən dövlət və siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri də proseslərə öz subyektiv mövqelərini əlavə edirlər. Bunlar içtimaiyyətin, Azərbaycanın mövqeyini yoxlamaq üçün edilir. Amma beş rayon məsələsinə gəldikdə isə mən danışıqlar prosesinin detallarını açmaq istəmirəm, Praqa prosesi münaqişənin mərhələli həllini nəzərdə tutduğu üçün bu təbiidir. Ola bilsin ki, əvvəlcə üç, daha sonra iki və daha iki rayon qaytarılsın. Yeddi rayonun hamısı birdən-birə azad oluna bilməz. Əslində, onlar bir-bir azad olunmalıdır.

- Danışıqlar zamanı əvvəlcə hansı rayonların azad olunması nəzərdən keçirilir?

- Hər halda sərhəd rayonlarından başlamaq daha düzgün olar.

- Bir müddət əvvəl həmsədrlərin fəaliyyəti ilə bağlı sərt fikirlər söyləyirdiz. İndi vasitəçilərin gördüyü işi sizi qane edirmi?

- Mənim həmsədrlərlə bağlı mövqeyim indi də qalır. Onların fəaliyyəti ilə bağlı öz mövqeyimi dəyişməmişəm. Həmsədrlər vasitəçilik missiyasını özləri istədiyi kimi həyata keçirirlər. Necə ola bilir ki, Kosovo, İsrail-Fələstin, Kiprlə bağlı vasitəçilər xüsusi "plan" hazırlayır və dünya içtimaiyyətinə təklif edir. Amma Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmsədrlərin belə bir planı heç vaxt açıqlanmayıb.

- Problem nədədir?

- Əgər həmsədrlərin bilik və təcrübəsi bu münaqişəni tariximizi, real vəziyyəti təhlil edərək beynəlxalq hüquq çərçivəsində təhlil etməyə imkan verərsə, ortaya düzgün bir mövqe qoymalıdırlar. Biz də, Ermənistan da, dünya içtimaiyyəti də baxmalıdır ki, həmsədrlər bunu bacarırlar, yoxsa bacarmırlar, onlar düzgün mövqe göstəriblər, ya yox. Mən həmsədrləri bunda ittiham edirəm.

Həmsədrlərin bu prosesə yanaşmasının həmişə bir prinsipini görmüşük: "Siz özünüz razılaşın, özünüz həll edin, biz də sizi dəstəkləyək". Bu düzgün yanaşma deyil. Rusiyalı, fransalı və amerikalı həmsədrlərin hər birinin bununla bağlı öz mövqeyi var.

- Bir halda ki, həm Rusiya, həm Amerika, həm də Fransanın öz mövqeyi var və bu mövqe hamıya bəllidir, onların vasitəçi kimi qalmasına nə ehtiyac var?

- Müstəqilliyi qazanmaq bəlkə də asandır. Onu saxlamaq çətindir. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışına qədər Azərbaycan əraziləri yüz illər ərzində həmişə azalıb. Bu proses indi dayandırılıb. İndiki prezidentin məqsədi budur ki, bu proses dayansın və əks proses başlansın - torpaqların bərpa olunması. Mən beynəlxalq normala zidd getmək istəmirəm. Ən birinci addım Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin bərpa olunmasıdır.

- Azərbaycan prezidentinin Gürcüstana son səfərindən sonra daha bir ərazi -"Keşikçi dağ" kompleksi ilə bağlı məsələ qaldırıldı. Gürcüstan rəsmi açıqlama verdi və bildirdi ki, iki ölkə prezidenti kompleksin Gürcüstana verilməsi barədə razılaşmaya gəliblər. Azərbaycan tərəfi buna razılıq veribmi?

- Mən çox təəssüf edirəm ki, Azərbaycan jurnalistləri özlərini çox zaman təcrübəsiz və qeyri-peşəkar göstərirlər və daha çox dedi-qoduya uymağı sevirlər. Belə bir məlumat əks tərəfdən yayılıb, amma jurnalistlərimiz də yaxşı bilməlidir, siyasətlə maşğul olanlar da bilirlər ki, bu məsələ bir tərəfin fikri ilə yekunlaşa bizməz. Bununla bağlı hər iki tərəfdən komissiyalar var. O komissiyalar yenə də bir araya gəlməlidir. Əgər rəhbərlərin müəyyən mövqeyi varsa, onu ortaya qoyub bir nəticəyə gəlməlidir.

İnsanların beyninə konstruktiv olmayan yanaşma ilə təsir etməyə ehtiyac yoxdur.

- Azərbaycanın xarici siyasətinə dair daha bir sual. Qərb Rusiyadan olan enerji asılılığını Orta Asiya, o cümlədən Azərbaycanın hesabına aradan qaldırmaq istəyir. Bu baxımdan

Krakovda - Azərbaycan, Polşa, Gürcüstan, Litva və Ukraynanın birgə kommunikeyə imza atması, hətta "Rusiya əleyhinə" təşkil olunmuş bir akt kimi də qiymətləndirildi.

- Polşada prezident bu addımı heç bir dövlətə qarşı deyil, yalnız öz imkanlarımızı reallaşdırmaq üçün atdı. Bu fikirləri Rusiya ilə Azərbaycan arasında olan münasibətlərə soyuqluq gətirmək üçün səsləndirirlər. Azərbaycanın özündə də bir çox mətbuat nümayəndələri var ki, mən onların Azərbaycana səmimi məhəbbəti olduğunu görmürəm və onlar müəyyən məsələlərdə ancaq təxribat xarakterli məlumatlar yazırlar. Bəzən o qədər bu işə aludə olurlar ki, özlərinə "quyu qazırlar". O cümlədən, son zamanlar 1991-1993-cü illərdə neft kontraktları ilə bağlı gedən proseslərə aid yazılar. Jurnalistlər bunu da iqtidarın üzərinə yıxmaq istəyir. Bu dərəcədə düşmən mövqedə durmaq olmaz. Rusiyanın özündə də Azərbaycanın inkişafını istəməyənlər var. Dünyada enerjiyə olan tələbat o qədər böyükdür ki, Rusiyanın da, Azərbaycanın da imkanları indikindən beş qat artıq olsa belə, bu ehtiyac daim hiss ediləcək və bütün ölkələri müəyyən müddət ərzində tam təmin etmək heç də asan deyil. Ona görə də kimsə bu məsələləri rəqabət, düşmənçilik müstəvisində qurursa, onun başqa məqsədləri var. Yəni Rusiya öz ərazisindən nə qədər neft və qaz ixrac edəcəksə, buna ehtiyac var. Əslində, Azərbaycan və Rusiyanın hətta Orta Asiyadan ixrac edəcəyi neft və qaz yenə də Avropanı tam təmin etməyəcək. Burada sadəcə bir "bazar" var. Kommersiya maraqları var. Maraqlıdır ki, Rusiya rəsmiləri bu prosesi belə qəbul etmir, amma hansısa jurnalist, siyasətçi, politoloq bunu özü istədiyi kimi təqdim edir. Lakin onlar öz məqsədlərinə heç vaxt çata bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti