...

Azərbaycan qanunvericiliyində qızqaçırma ilə adam oğurluğu cinayəti fərqlənməlidir - TƏHLİL

Cəmiyyət Materials 8 Fevral 2010 12:32 (UTC +04:00)
Azərbaycan xalqının qız qaçırmaq kimi bir adəti cinayət qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir. Bu cinayətə görə məhkum olunan şəxslərə məhkəmələr tərəfindən daha ağır cəzalar təyin olunur.
Azərbaycan qanunvericiliyində qızqaçırma ilə adam oğurluğu cinayəti fərqlənməlidir - TƏHLİL

Azərbaycan, Bakı, 8 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan xalqının qız qaçırmaq kimi bir adəti cinayət qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir. Bu cinayətə görə məhkum olunan şəxslərə məhkəmələr tərəfindən daha ağır cəzalar təyin olunur.

Azərbaycanda qızqaçırmanın adam oğurluğu kimi tövsif olunması və bu əmələ görə ağır cəzanın verilməsi fikir ayrılıqlarına səbəb olub.

Ramil Tahirov və Şahin Şirinov 2006-cı ildə Sabirabad rayonunun Axısxa kənd sakini Aygun Kamalovanı zor tətbiq edərək evlənmək məqsədilə qaçırmağa görə məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tahirov Kamalova ilə evlənmək istəyib və bu məqsədlə onu Şirinovun avtomobili ilə qaçırıb. Lakin avtomobil yolda su kanalına düşüb batıb qaldığından, Kamalova xilas olub və adıçəkilən şəxslər məqsədlərinə nail ola bilməyiblər.

Kamalova məhkəmədə təqsirləndirilənlərə daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Onun bu xahişi məhkəmə tərəfindən nəzərə alınmayıb. Məhkəmə Tahirov və Şirinova 8 il cəza verib. Təqsirləndirilənlərin Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunaraq barələrindəki cəzanın yüngülləşdirilməsi üçün verdikləri apelyasiya və kasasiya şikayətləri də təmin olunmayıb. Məhkəmə qərarında qeyd edib ki, onlara 144.2.3-cü maddədə nəzərdə tutulan cəzanın ən aşağı həddi təyin edilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin ötən ilin noyabrında qəbul etdiyi başqa bir hökmlə Gəncə şəhər Hərbi Komissarlığının şöbə müdirinin evində baş vermiş qətldə təqsirli bilinən şəxsə isə 8 il cəza verilib.

Ötən il mayın 23-də Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 4, mənzil 15-də Gəncə şəhər Hərbi Komissarlığının ikinci şöbəsinin rəisi Səfər Bayramovun qardaşı oğlu Elvin Bayramov qısqanclıq zəminində həmyerlisi Coşqun Mərdanovu bıçaqlayaraq qətlə yetirib. Bu cinayətinə görə, o, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin başqa bir hökmü ilə 18 yaşlı qızı zorlamaqda ittiham olunan dəstə üzvləri - Gəncə şəhər sakinləri Asif Hüseynov, Vüsal Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Elşad Quliyevə isə 2 il icbari cəza təyin edilib.

Təqsirləndirilən şəxslər 2009-cu ilin iyunun 22-də 18 yaşlı Samirəni (ad şərti verilib) zorlayıblar. Onlar daha sonra 14 yaşlı Elmanla (ad şərti verilib) cinsi əlaqədə olublar.

Respublika Prokurorluğunun məlumatına görə, Azərbaycanda 2008-ci ildə qızın istəyi olmadan evlənmək məqsədilə qaçırılması ilə bağlı 18 fakt qeydə alınıb. Ötən ilin 10 ayında isə, belə faktların sayı 15 olub. Bu rəqəmlər gerçəkliyi əks etdirmir. Belə ki, qızqaçırma ilə bağlı reallıqdakı statistika rəsmi statistikadan çoxdur.

Azərbaycanda qız qaçırmaqla ailə qurma ənənəsi olub və indi də belə faktlara rast gəlinir. Bu yolla qurulan ailələrin böyük qismi xoşbəxt ailə həyatı sürüb.

Azərbaycan cinayət qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma halını cinayət kimi qəbul edib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərsə, 5 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınır və 144-cü maddə ilə tövsif olunur. Həmin Məcəllə ilə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Şərq mentalitetindən gələn qızqaçırmanın adam oğurluğu ilə eyniləşdirilib və bu əmələ görə ağır cəza təyin edilməsi narazılıqlar və fikir ayrılıqlarına səbəb olub.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə Trend -a bildirib ki, qanunvericilik həmin cinayətləri mütləq fərqləndirməlidir. Hakimin fikrincə, qərb təcrübəsindən götürülmüş bu maddə mütləq dəyişdirilməlidir.

"Şərq mentalitetində qadının evlənmək məqsədilə qaçırılması halı geniş yayılıb və qız qaçırmaqla qurulan ailələrin əksəriyyəti xoşbəxt olub. Qərb zonasında, Qarabağ zonasında evliliklərin əksəriyyəti bu qayda ilə qurulub. Bu faktların böyük əksəriyyətində qızlar öz razılığı ilə qaçırlar",-Ağazadə deyib.

Ağazadənin sözlərinə görə, qadını evlənmək məqsədilə oğurlama hadisələrinin adam oğurluğuna görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi yanlışdır. Adam oğurluğu keçmiş Cinayət Məcəlləsindəki 129-cu maddədə nəzərdə tutulan əməldən mahiyyət üzrə köklü surətdə fərqlənir. Adam oğurluğunun motivləri çoxsaylıdır və həmin əməllər üçün 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 129-cu maddənin motivi isə qadını evlənmək məqsədilə oğurlamaqdan ibarətdir və bu əmələ görə ən çoxu 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu.

Ali Məhkəmənin hakimi deyir ki, məhkəmələr belə işlərə baxarkən çox nadir hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edirlər.

"Məhkəmələr belə işlərə baxarkən nadir hallarda şərti cəza tətbiq edirlər. Bu cəza da tətbiq ediləndə, məhkəmələrin maddi maraq güddüyünü  iddia edirlər",-deyə Ağazadə deyib.

Hakimin sözlərinə görə, 144-cü maddənin qeydində yazılır ki, oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.

"Bu məntiqdən çıxış etsək, qızı qaçıran şəxs də bir neçə gün sonra qızı qaytarırsa, o da məsuliyyətdən azad olmalıdır. Amma buna heç bir valideyn razı ola bilməz. Azərbaycan xalqının adət və ənənələri nəzərə alınarsa, belə hərəkətlərin ictimaiyyət arasında neqativ reaksiyaya səbəb olacağı şübhəsizdir. Ona görə də, bu iki əməl üst-üstə düşmür və onları heç vaxt eyniləşdirmək olmaz",- hakim vurğulayıb.

Ağzadənin sözlərinə görə, Ali Məhkəmə bu maddənin dəyişdirilməsi ilə bağlı Milli Məclisə bir neçə dəfə layihə təqdim edib. Lakin MM Avropa, Qərb standartlarını əsas gətirərək dəyişiklikləri qəbul etmir.

"Qərblə Şərq mentaliteti fəqlənməlidir. Qərbdə eyni cinsin nümayəndələrinin evlənməsinə icazə verilir. Onda bu məntiqdən çıxış etsək, biz də bunu qəbul etməliyik. Bizim həyat tərzimiz, adət-ənənələrimiz Qərbdən fərqlidir",-deyə hakim vurğulayıb.

Ağazadə hesab edir ki, qızı evlənmək məqsədilə qaçırmaq cinayəti Cinayət Məcəlləsində ya ayrı maddə kimi qeyd olunmalı, ya da adam oğurluğu maddəsinə xüsusi bənd kimi daxil edilməlidir.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Eynulla Vəliyev Trend -a deyib ki, istintaq orqanı belə hallarda qızın könüllü və ya məcburi qaçırılması məsələsini araşdırmalıdır.

Hakim deyir ki, qızın razılığı ilə qaçırılma hallarında əksər vaxtlarda barışıq əldə olunur və qızqaçıran cinayət məsuliyyətinə cəlb olunmur.

Vəliyev deyir ki, qızın razılığı ilə qaçırma hallarında qızqaçırana şərti cəza verilir.

"Təcrübədə elə hal olub ki, qızı qaçıran şəxs onu zorlayıb ki, sonradan qız evinə qayıda bilməsin. Elə hal da olub ki, qızı qaçırıblar, 3-4 gün saxlayıblar,  amma qıza dəyməyiblər. Cəza təyin olunarkən bu nüanslar nəzərə alınır",-deyə Vəliyev bildirib.

Vəkil Kamandar Nəsibov da adam oğurluğu ilə evlənmək məqsədilə qız qaçırmaq cinayətlərinin fərqləndirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, qızqaçırma hallarının 99 faizində qızların razılığı olur.

"Bu da evlənməyə maddi imkan olmadıqda, ya da qızın və ya oğlanın valideynləri bu evliliyə razılıq vermədikdə baş verir. Valideynlərin razılığı olmayan evliliklərdə valideynlər hüquq-mühafizə orqanlarına şikayət edir. Bu halda qızlar da valideynlərinin qorxusundan öz istəyi ilə deyil, məcburən qaçırıldıqlarını deyirlər",-deyə vəkil Trend -a bildirib.

Nəsibovun sözlərinə görə, təcrübədə belə hallara tez-tez rast gəlinir. O hesab edir ki, evlənmək məqsədi olmadan qaçırılma varsa, bu halda əməl adam oğurluğu kimi tövsif olunmalıdır və ağır cəzalandırılmalıdır.

"Bu cinayətlərin motivi fərqləndirilməlidir. Qız qaçırmaqda iştirak edən digər şəxslərin də əməlləri fərqləndirilməlidir. Burda məqsəd tamah deyil, evlənmək istəyən cütlüyün xoşbəxtliyi üçün onlara kömək etməkdir",-Nəsibov bildirib.

O qeyd edib ki, məhkəmə istintaqı zamanı qız könüllü qaçdığını dediyi hallarda yüngülləşdirici hal kimi nəzərə alınır.

"Lakin bu halın təsiri də məhduddur. Yenə də əməl adam oğurluğu kimi tövsif olunur"-deyə Nəsibov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti