...

Alimlər xərçəng hüceyrələrini məhv edə bilən virus yaradıblar

Cəmiyyət Materials 1 Sentyabr 2011 20:23 (UTC +04:00)
Alimlər insan qanına daxil edilərkən xərçəng hüceyrələrini məhv etməyə qadir olan virus yaradıblar.
Alimlər xərçəng hüceyrələrini məhv edə bilən virus yaradıblar

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Alimlər insan qanına daxil edilərkən xərçəng hüceyrələrini məhv etməyə qadir olan virus yaradıblar. Tibb işçiləri ehtimal edirlər ki, bu üsul onkoloji xəstəliklərlə mübarizə təcrübəsini ciddi şəkildə dəyişdirə bilər.

Müxtəlif növ xərçəng daşıyıcısı olan 23 könüllü üzərində aparılan təcrübələr göstərib ki, virusun sağlam toxumalara toxunmadan yalnız şiş nahiyəsinə təsiretmə qabiliyyəti var.

Onkoloq-mütəxəssislər virusla müalicə işinin hələ ilkin mərhələlərdə olmasına baxmayaraq, onun ilk nəticələrini perspektivli hesab edirlər.

Öz-özlüyündə xərçəng hüceyrələrinin məhv edilməsi üçün viruslardan istifadə etmə ideyası yeni deyil. Ancaq indiyə kimi daxili mühafizə sisteminin virusu vaxtından qabaq məhv etməməsi üçün onun birbaşa şişə yeridilməsinin vacibliyi məsələsi üstün tutulurdu.

"Nature" jurnalının məlumatına görə, alimlər təcrübədə çiçək xəstəliklərində geniş istifadə olunan çiçək peyvəndinin dəyişdirilmiş növündən istifadə ediblər.

JX-594 adlandırılan virusu müxtəlif orqanları zədələnən könüllülərə venadan daxil ediblər. Təcrübənin rəhbəri Ottava Universitetinin professoru Con Bell bildirib ki, virusun birbaşa venadan yeridilməsi zəruridir, çünki bu üsul bizə yalnız birbaşa yeridilmiş şişlərdən əlavə, eyni zamanda, bütün bədən üzrə şişlərə müdaxilə və təsir etməyə imkan verir.

Təcrübə göstərib ki, ən yüksək dozanı qəbul etmiş 8 nəfərdən 7-də virus zədələnmiş toxumalarda sağlam toxumalara toxunmadan törəyib artıb. Professor Bell bildirib ki, əldə olunan göstəricilər sübut edir ki, "virus xərçəng toxumalarına stabil və seçici şəkildə təsir etməyə qadirdir".

Nəticələrə görə, infeksiya 6 könüllüdə şişin böyüməsinin qarşısını alıb.

Virus onları xərçəngdən müalicə etməyib. Keçirilmiş təcrübə yalnız virusun təhlükəsizliyini yoxlamaq məqsədini güdürdü, buna görə də könüllülərə ancaq bir doza vurulub.

Professor Bell etiraf edir ki, tədqiqat ilkin mərhələsindədir. Lakin o inanır ki, "günlərin bir günündə viruslar, eləcə də bioloji müalicənin digər növləri xərçəng müalicəsinə yanaşmaları ciddi şəkildə dəyişəcək".

Londondakı Barts Tibb məktəbinin Onkologiya İnstitutunun rəhbəri professor Nik Lemoyn BBC-yə bildirib ki, məhz şiş olan toxumalarda törəyib artan viruslar bu yolda yeganə ümiddir.

Xəbər lenti

Xəbər lenti