Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda məhkəmə hakimlərinin fəaliyyətinin 5 ildən bir qiymətləndirilməsi təklif olunur.
Trend-in məlumatına görə, bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik nəzərdə tutan qanun layihəsi hazırlanaraq parlamentin müzakirəsinə verilib.
Layihədə nəzərdə tutulur ki, hakimlərin fəaliyyəti, bir qayda olaraq, beş ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hazırda qüvvədə olan qanuna görə bu müddət 3 ildir.
Həmçinin Hakimlərin Seçki Komitəsinin qərarından Məhkəmə-Hüquq Şurasına verilən şikayətin və şikayətə baxılma müddətinin də dəyişdirilməsi təklif olunur.
Belə ki, Hakimlərin Seçki Komitəsinin qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində Məhkəmə-Hüquq Şurasına şikayət verilə bilər. Şikayətə daxil olduğu gündən 1 il müddətində baxılır, Komitənin qərarı qüvvədə saxlanılır, ləğv olunur və ya ona dəyişiklik edilir.
Digər bir dəyişiklikdə isə qeyd olunur ki, Məhkəmə-Hüquq Şurası intizam icraatının başlanmasına dair müraciətə 3 ay müddətində (hazırda bu müddət 2 aydır) baxır və intizam icraatının başlanılması və ya belə icraatın başlanılması barədə müraciətin təmin edilməməsi haqqında qərar qəbul edir.
Yeni layihədə Məhkəmə-Hüquq Şurasının sədrinin səlahiyyət müddətinin artırılması təklif olunur. Belə ki, Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddətinin iki il altı aydan 5 ilə qaldırılması təklif edilir.
Qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.