...

Mətbuat Şurası Bakıda planlaşdırılan icəzəsiz aksiyada monitorinq aparacaq

Cəmiyyət Materials 26 Yanvar 2013 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Mətbuat Şurası (MŞ) bu gün Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan icazəsiz aksiyada monitorinq aparacaq.

Şuradan Trend-ə daxil olan məlumata görə, MŞ jurnalistlərin prosesi necə işıqlandırmaları sahəsində vəziyyəti müşahidə edəcək, kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətlərini yerinə yetirmələrinə yaradılmış şəraiti öyrənəcək.

Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz işlərini görmələrinə kömək məqsədi daşıyacaq monitorinqi MŞ-nin Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı qrup aparacaq. Qrupa Şuranın icraçı katibi Rəhim Hüseynzadə rəhbərlik edəcək.

MŞ-nin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesi nəzarətdə saxlayacaqlar. Monitorinq zamanı diqqət yetiriləcək daha bir məqam aksiyanı işıqlandıracaq KİV təmsilçilərinin əyinlərində üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrin olmasıdır. Şura jurnalistlərin ekstremal vəziyyətlərdə digər şəxslərdən fərqlənmələrini onların peşə vəzifələrinin səmərəli icrası baxımından vacib şərt sayır və jurnalistlərə xüsusi geyimlərdə olmağı tövsiyə edir.

Mətbuat Şurası aksiyada peşə vəzifəsini yerinə yetirən bütün jurnalistlərdən xahiş edir ki, hər hansı xoşagəlməz vəziyyətlə üzləşdikdə MŞ-nin monitorinq qrupuna müraciət etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti