Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzinin binasında Paris və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqlar üçün ilk Azərbaycan dili dərsləri təşkil edilib. Bu barədə Trend-ə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva uşaqları və valideynləri salamladıqdan sonra Azərbaycan dili dərslərinin tədrisi və dərs proqramı haqqında məlumat verib. O, Azərbaycan dili dərslərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Fransada doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması üçün həftəsonu tədris edilən bu dərslərin rolu çox böyükdür.
Həftəsonu dərsləri 4 yaşından 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Şagirdlər yaş və dil səviyyəsinə görə iki sinfə ayrılacaq. Təmənnasız tədris edilən Azərbaycan dili dərsini Azərbaycan Evinin təhsil işləri üzrə məsləhətçisi Aygün Əyyubova və Azərbaycan Evinin incəsənət işləri üzrə məsləhətçisi Mehri
Quliyeva aparacaq.
Tədris proqramında Azərbaycan haqqında ümumi məlumat, onun tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti kimi mövzular cəmləşdirilib.
Novruz bayramına həsr olunmuş ilk dərsdə şagirdlərə dərslik və dərs ləvazimatları da paylanıb. Uşaqların böyük maraqla qarşıladığı ilk dərs günü uğurla yekunlaşıb.