...

"Excelsior Hotel Baku" Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirdi (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2014 19:11 (UTC +04:00)
26 fevral 2014-cü il tarixində "Excelsior Hotel Baku" oteli Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirdi.
"Excelsior Hotel Baku" Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirdi (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

26 fevral 2014-cü il tarixində "Excelsior Hotel Baku" oteli Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirdi.

Tədbir soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə "Excelsior Hotel Baku" otelinin insan resursları üzrə meneceri Kamran Rzayev və yazıçı Cəlaləddin Qasımov Xocalı faciəsi ilə bağlı çıxışlar etdilər.

"Excelsior Hotel Baku" otelinin insan resursları üzrə meneceri K.Rzayev bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmışdır.

Yazıçı Cəlaləddin Qasımov çıxışında qeyd etdi ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş və fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasına başlanılmışdır.

Yazıçı Cəlaləddin Qasımov "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasına çərçivəsində yazdığı "27 ildən sonra" kitabını tədbirdə iştirak edən Sos Uşaq Kəndlərinin yeniyetmələrinə təqdim etdi. "27 ildən sonra" kitabının yazılamsında məqsəd baş vermiş Xocalı faciəsinin miqyasını və deatallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etməkdir.

Tədbirin sonunda gənclərə bu qanlı faciəni unutmamaq, gələcək nəsillərə və bütün dünyaya bəyan etmək məqsədilə Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti