...

"Azərbaycanda qadınlar fiziki əmək, xüsusi geyim tətbiq edilən işlərdə çalışmaq istəmirlər"

Cəmiyyət Materials 17 Aprel 2015 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 14-15-də Moskvada Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Trend-ə verilən məlumata görə, iclasda Avrasiya İqtisadi Birliyinin üzvü olan dövlətlərin əmək qanunvericiliyinin Əsaslarının işlənib hazırlanması prinsiplərinin layihəsi, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarının ratifikasiya edilməsi, təşkilatın mənzil-qərargahı və üzv təşkilatları tərəfindən internet informasiya və kommunikasiyaları xidmətlərindən istifadə olunması və başqa məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, deputat Səttar Mehbalıyev bildirib ki, işçilərin rifahının yaxşılaşdırılımasında həmkarlar ittifaqlarının rolu və perspektivləri fəaliyyətimizin əsas istiqamətlərindən biridir.

Onun sözlərinə görə, vətəndaşların layiqli əmək şəraitinə hüquqlarının təmin edilməsi konteksində əmək sahəsində bərabərliyin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanda işçilər üçün bərabər hüququn və bərabər imkanların yaradılması Konstitusiya, Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənir. Təcrübə göstərir ki, əsas narahatlıq doğuran hallar məşğulluq sahəsində və əmək haqqının ödənilməsində olan qeyri-bərabərlikdir. Burada obyektiv və subyektiv səbəblər var. Bununla əlaqədar qadınların və gənclərin məşğulluğu məsələsini misal çəkə bilərik. Mütəxəssislərin fikrincə, milli xüsusiyyətlərlə əlaqədar, Azərbaycanda qadınlar fiziki əmək, xüsusi geyim tətbiq edilən və başqa işlərdə işləməyə həvəs göstərmirlər. Respublikada iqtisadiyyatın bir çox sahələrində çalışan qadınlar əksəriyyət təşkil edir. Belə ki, səhiyyə işçiləri arasında qadınların sayı 76 faiz, təhsil işçiləri arasında isə 67 faiz təşkil edir. Məlum məsələdir ki, bu sahələrdə əmək bazarı məhdud çərçivədədir, ona görə də inkişaf və məşğulluq proqramları xidmət sahələrində, turizmdə, yüngül və yeyinti sənayesi sahələrində, kənd təsərrüfatı, informatika və digər sahələrdə qadın əməyinin istifadə olunduğu iş yerlərinin yaradılmasını stimullaşdırmalıdırlar".

Gənclərin məşğulluğuna gəldikdə isə S.Mehbalıyev deyib ki, iqtisadiyyat sahələrində çalışanların 4,5 milyondan 1,2 milyonunu, yaxud 25 faizini gənclər təşkil edir.

AHİK sədri daha sonra vurğulayıb ki, indiki şəraitdə Azərbaycan Həmkarlar İttifaqları hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinin yaradılmasına nail olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti