...

Rəsədxana direktoru: Süni peyklərimizdə elmi-tədqiqat cihazları yerləşdirilməlidir

Cəmiyyət Materials 29 İyun 2016 14:22 (UTC +04:00)
Azərbaycanın süni peyklərində elmi-tədqiqat cihazlarının yerləşdirilməsi reallaşdırılmalıdır.
Rəsədxana direktoru: Süni peyklərimizdə elmi-tədqiqat cihazları yerləşdirilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın süni peyklərində elmi-tədqiqat cihazlarının yerləşdirilməsi reallaşdırılmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu AMEA Rəyasət Heyətinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) keçirilən səyyar iclasında ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib.

Onun sözlərinə görə, hazırda astronomlarımızın əsas məqsədi respublikada astrofizika elmini inkişaf etdirmək, dünyada ön sıralara çıxarmaqdır. Fundamental elm sahəsi kimi astrofizikanın müasir dövrdə inkişaf xüsusiyyətlərindən söz açan məruzəçi vurğulayıb ki, bu elm sahəsi ancaq dünya elmi mərkəzlərinin birgə kooperasiyası şəraitində inkişaf edə bilər: “Kosmik obyektin kompleks tədqiqi prosesi maliyyə baxımından çox bahalı olduğundan dünyanın aparıcı elm mərkəzləri öz imkanlarını birləşdirir, birgə kosmik elmi layihələr həyata keçirirlər. Nəzərə alsaq ki, hazırda Azərbaycanın da artıq kosmik imkanları vardır, bundan istifadə edilməli və süni peyklərimizdə elmi-tədqiqat cihazlarının yerləşdirilməsi reallaşdırılmalıdır”.

N.Cəlilov astrofizika və bu elmə yaxın sahələrdə xarici ölkələrdə çalışan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə elmi-tədqiqat qruplarının yaradılması, kosmik müşahidələr aparan elmi mərkəzlərlə birgə sinxron yerüstü və kosmik müşahidələrin yerinə yetirilməsi kimi təkliflər də səsləndirib. O qeyd edib ki, bunun üçün ilk növbədə Azərbaycanda çalışan astrofiziklərin mobilizasiyasına başlamaq və respublikada olan astronomik cihazların modernləşdirilməsi prosesini yekunlaşdırmaq lazımdır.

N.Cəlilov AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası və Ordubadda yerləşən Ağdərə Astronomiya stansiyasının imkanlarından fotometrik müşahidələr üçün istifadə olunması təklifini irəli sürüb. O qeyd edib ki, bu məqsədlə mütəxəssislər tərəfindən orada olan teleskopların texniki vəziyyətinin qiymətləndirilməsi, onların modernləşdirilməsi, müvafiq müqavilələrlə teleskopların birgə istismarına başlanılması istiqamətində mühüm işlər görülməlidir.

Alim bildirib ki, kosmik obyektlərin öyrənilməsi istiqamətində kompleks tədqiqatlar üçün süni peyklərdə fotometrik, yerüstü teleskoplarda spektral sinxron eksperimentlərin aparılması müasir elmin tələbidir. ŞAR-ın bu istiqamətdə tədqiqatlara başladığını deyən N.Cəlilov Kanadanın Monreal Universiteti ilə birgə massiv-isti Volf-Rayet tipli ulduzların və Rusiyanın Moskva Dövlət Universiteti ilə birgə Seyfert tipli qalaktikaların tədqiqinin aparıldığını bildirib.

Məruzəçi onu da qeyd edib ki, ulduzlararası mühitin fizikası sahəsində Polşanın Kopernik Universiteti və Rusiyanın Xüsusi Astrofizika Rəsədxanası ilə aparılan birgə tədqiqatlar beynəlxalq arenaya çıxmağa imkan verəcək.

İclasda Şamaxı Astrofizika Rəsədxanası üzrə AMEA-nın magistraturasında yer ayrılması, qəbul edilmiş prioritet istiqamətlərə uyğun olaraq elmi təşkilatın strukturunda dəyişikliklər edilməsi və s. bağlı müvafiq qərarlar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti