...

Bir gündə əkiləcək 650 min ağac hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq

Cəmiyyət Materials 11 Oktyabr 2019 17:30 (UTC +04:00)
650 min ağac yaxın 4-5 ildə hər il 2, 6 min ton karbon qazının udulmasına səbəb olacaq.
Bir gündə əkiləcək 650 min ağac hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gün ərzində əkiləcək 650 min ağac sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq.

Bunu Trend-ə müstəqil ekspert Məhərrəm Mehdiyev deyib.

Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün böyük maraqla qarşılandığını vurğulayav M.Mehdiyev qeyd edib ki, bu təşəbbüs təbiətin ekoloji cəhətdən sağlamlaşması işinə çox böyük xidmət göstərəcək. Bu səbəbdən də həmin xeyirxah təşəbbüsün həyata keçirilməsi üçün hər kəs öz töhfəsini verməlidir:

"Əbəs yerə meşələri təbiətin “ağciyəri” adlandırmırlar. Ağaclar təkcə təbiətin gözəlliyi, zümrüd donu, yaşıl libası deyil, həm də çox böyük sağlamlıq mənbəyidir. Dünyanın bütün iri şəhərlərində yaşıllıqlar salınması ilə əlaqədar mühüm kampaniyalar aparılır və əkilən ağaclar gözəllik mənbəyi olmaqla yanaşı, həm də əhalini oksigenlə təmin edir. Xüsusilə, iri istehsal və sənaye müəssisələri, zavodlar olan yaşayış məntəqələrinin ətrafında belə tədbirlərin aparılması sağlamlıq üçün çox böyük qayğı deməkdir".

Bu faydalı təşəbbüsü dünyanın, ətraf mühitin və ekologiyanın sabahına hesablanmış bir addım sayan ekspert əlavə edib ki, bu addım ölkəmizin 2015-ci ildə Parisdə iqlim dəyişmələri üzrə çərçivə Konvensiyasının XXI konfransında götürdüyü öhdəliyin yerinə yetirilməsi baxımından da çox uğurlu olacaq.

Ekoloq xatırladıb ki, Paris sazişində Azərbaycan 2030-cu ilə qədər atmosferə atılan karbon qazının səviyyəsinin 1990-cı il səviyyəsindən 35 faiz aşağı salınması barədə öhdəlik götürüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İmadəddin Nəsiminin irsinin təbliği, dünyaya tanıdılması və 650 illik yubileyinin yaddaqalan olması məqsədilə xeyirxah təşəbbüs irəli sürüb. Təşəbbüs çərçivəsində noyabrda Azərbaycanda bir gündə 650 min ədəd ağac əkilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti