...

İradə Əlili: İnsanlar evdə qalmaqla həm özlərinin, həm də ətrafın təhlükəsizliyini qorumuş olurlar

Cəmiyyət Materials 20 Aprel 2020 18:26 (UTC +04:00)
İradə Əlili: İnsanlar evdə qalmaqla həm özlərinin, həm də ətrafın təhlükəsizliyini qorumuş olurlar

Bakı. Trend:

Vətəndaş cəmiyyəti olaraq hər birimiz cəmiyyətdə ətrafımızın maksimum dərəcədə maariflənməsi üçün dəstək olmalıyıq. İnsanları təmkinli, səbirli olmağa dəvət etməliyik, onları "Evdəqal" kampaniyasına qoşulmağa çağırmalıyıq.

Trend-in məlumatına görə, bunu Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili deyib. O bildirib ki, insanlar evdə qalmaqla həm özünün, həm də ətrafının təhlükəsizliyini qorumuş olurlar:

"Hər kəs düşünməlidir ki, onun sağlamlığı, ətrafının sağlam olması deməkdir. Dahi Sokrat demişdir - Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmayan yerdə hər şey heç nədir! Ziyalı olaraq bu günlərdə hər bir vətəndaşımızı məsuliyyətli olmağa çağırıram.

Qeyri-hökumət təşkilatı olaraq biz bu məsuliyyətli günlərdə xeyriyyə işlərimizi də davam etdiririk. Belə ki, bu gün məcburi köçkün ailələrinə dəstək olmaq məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşmış 15 məcburi köçkün ailəyə ərzaq yardımı həyata keçirmişik. Dövlətimizin vətəndaşlarına bu çətin anlarında yetərincə dəstək olduğunu hər birimiz aydın şəkildə görürürük və bu, hər zaman belə olub. Biz də qeyri-hökumət təşkilatı vətəndaş cəmiyyəti olaraq bu məsuliyyətli günlərdə öz töhfəmizi verməyə çalışdıq, köməyimizi əsirgəmədik. Dövlət başçısının “Biz Birlikdə güclüyük” fikri bizə ruh verdi, bizi daha əzmli olmağa çağırdı".

Birlik sədri ailələrə xeyriyyə işinin həyata keçirilməsində köməklik göstərdiyi üçün Yasamal Rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti