...

Liftlərdən düzgün istifadə üçün bu qaydaları bilməlisiniz, əks halda təhlükə qaçılmazdır - Mütəxəssis danışır

Cəmiyyət Materials 15 May 2020 09:02 (UTC +04:00)
Liftlərdən düzgün istifadə üçün bu qaydaları bilməlisiniz, əks halda təhlükə qaçılmazdır - Mütəxəssis danışır

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında qaldırıcı liftdə satıcının yıxılması ilə nəticələnən bədbəxt hadisədən sonra yaşayış və qeyri-yaşayış obyektlərində quraşdırılan liftlərdə təhlükəsizlik qaydaları yenidən gündəmə gəlib.

Ümumilikdə son vaxtlar liftin qırılması, şaxtaya düşməsi, elektrik enerjisinin kəsilməsi nəticəsində kabinada insanların qalması və ağır xəsarətlər alması hallarını tez-tez eşidirik. Bəs bu kimi hadisələrin qarşısının alınması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Trend-ə açıqlamasında bildirib ki, liftlər "Texniki təhlükəsizlik haqqında" qanunda təhlükə potensiallı obyektlər siyahısındadır:

"Stasionar şəkildə quraşdırılan və səyyar yükqaldıran mexanizmlər olan eskalatorlar, kanat yolları, funikulyorlar və liftlər təhlükə potensiallı obyektlərdir. Bu, o deməkdir ki, ticarət mərkəzləri, obyektlər, yaşayış binalarına lift quraşdırılarkən və istismara verilərkən onun təhlükəsiz istifadəsi üçün zəruri olan bütün texniki təhlükəsizlik üzrə dövlət standartları, əməyin mühafizəsi qaydaları, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji, sanitar-epidemioloji və fövqəladə hallardan müdafiə normalarına uyğunluğu olmalıdır. Baş verə biləcək qəzaların lokallaşdırılması, qarşısının alınması üçün lift şaxtalarının tikintisi, onun konservasiyası, quraşdırılması zamanı dövlət standartlarına və digər texniki normativ təhlükəsizlik standartlarına cavab verən sertifikatlaşdırılmış materiallardan istifadə edilməlidir. Ancaq təəssüflər olsun ki, bəzi yaşayış binaları, həmçinin obyektlərdə liftlərə texniki nəzarət yoxdur. Bütün liftlər müntəzəm olaraq yoxlanmalı, istismar müddəti bitmiş mexanizimlər, avadanlıqlar, detallar, troslar, relslər, əyləc, elektrik və mühərrik sistemləri dəyişdirilməlidir. Lakin hüquqi, yaxud fiziki şəxslər buna ciddi yanaşmırlar. Bəzi yaşayış binalarında vəziyyət daha pisdir. İnsanlar üçün nəzərdə tutulmuş liftlərdə ağır yük qaldırırlar. Bu da liftin istismar müddətinin vaxtından əvvəl başa çatmasına gətirib çıxarır".

Ekspert əlavə edib ki, bu gün nəinki köhnə binalarda, yeni tikilən binaların bir çoxunda liftin generatoru belə yoxdur:

"Lift hərəkətdə olarkən binaya gələn elektrik enerjisi kəsilərsə, sakinlər liftdə qalırlar. Sahibkar 15-20 mərtəbəli bina inşa edir, binaya lift quraşdırır, ancaq fikirləşmir ki, elektrik enerjisinin verilişi dayanarsa, liftdə qalan insanlar necə təxliyə ediləcək?"

E.Nurəliyev bildirib ki, liftlərdə qəzalar əsasən normadan çox yüklənmə olduqda, elektrik sistemində nasazlıq yarandıqda, liftlərin quraşdırılması zamanı düzgün montaj olunmadıqda və istismar müddəti bitən avadanlıq və mexanizmlərin vaxtında dəyişdirilməməsi səbəbindən baş verir:

"Liftin qırılıb şaxtaya düşməsi üçün o tam sıradan çıxmalıdır. Liftdə həm qaldırıcı, həm də qoruyucu troslar olur. Bunlardan biri qırılsa, digəri kabinanı saxlayır. Köhnə liftlərdə bu, daha çox təhlükəlidir. Amma yeni modellərdə sürət artan kimi avtomatik olaraq əyləc sistemi işə düşür, tam təhlükəsiz dayanır. Ona görə liftdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Kabinada yersiz hərəkətlər etmək, düymələrin bir neçəsini basmaq, qapılara, tavana toxunmaq, kabinanın divarına söykənmək yolverilməzdir. Uşaqları isə liftdə xüsusən diqqətdə saxlamaq lazımdır. Onların bu qurğudan tək istifadəsinə, liftin düymələri ilə oynamasına, qapıya yaxın durmasına və yerdə oturmasına imkan verilməməlidir. Liftə ilk olaraq valideyn daxil olmalı, sonra uşağın əlindən tutub kabinaya keçirməlidir. Yəni liftin təhlükəsiz istifadəsi üçün istehsalçılar tərəfində bütün fors-major hallar nəzərə alınıb".

Təhlükəsizlik eksperti liftlərdə güzgülərin quraşdırılma səbəbini də açıqlayıb: "Liftlərdə olan güzgünü hamımız görmüşük, ancaq onun nə üçün olduğunu bilirikmi? O güzgü bəzənmək yaxud darıxmamaq üçün deyil. Lifti çağıran şəxs onun çağırıldığı mərtəbəyə gəldiyinə əmin olmaq məqsədilə güzgüdə özünü görməli və hansı mərtəbədə liftin qaldığını müəyyən etməlidir. Liftdə nasazlıq yaranarkən kabinə həmin mərtəbəyə çatmadan blokda quraşdırılan qapı açıla bilər. Belə olan halda lifti çağıran şəxs içəri daxil olar və nəticədə şaxtaya yıxılar. Ona görə də hər bir sakin lift çağırarkən özünü güzgüdə görmədən lift kabinasına daxil olmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti