...

Türkiyədə “Mifologiya elçisi Kamal Abdulla ərmağanı” kitabı işıq üzü görüb

Cəmiyyət Materials 7 Dekabr 2020 11:52 (UTC +04:00)
Türkiyədə “Mifologiya elçisi Kamal Abdulla ərmağanı” kitabı işıq üzü görüb

Bakı. Trend:

Türkiyədə Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi münasibətilə “Mifologiya elçisi Kamal Abdulla ərmağanı” adlı kitab işıq üzü görüb. Kitab yazıçı, elm adamı və ictimai xadim Kamal Abdulla şəxsiyyətinə sonsuz sevgi, ehtiram, tükənməz arzu və diləklərlə yanaşı, həm də Kamal Abdullaya həsr edilmiş dünya filoloji fikri üçün önəmli olan elmi məqalələri özündə birləşdirir.

Kitab təkcə məzmun zənginliyi ilə deyil, orada yer alan imzaların coğrafiyası və müxtəlif sahənin insanları olması ilə də olduqca maraqlı və diqqətçəkəndir.

Nəşrin ön sözünün müəllifi məşhur türkoloq, professor Əhməd Bican Ərcilasun bu kitabı sadəcə yubilyara onu sevənlərin arzu və diləkləri kitabı deyil, həm də türkologiya üçün elmi ağırlığı olan əsər adlandırır. O qeyd edir ki, kitab onu sevənlərin Kamal Abdullaya ərmağanı yox, həm də Kamal Abdullanın türkologiya elminə, filologiya elminə olan ərmağanıdır.

Bu günə qədər ərmağan kitabları Türkiyədə yalnız yerli ziyalılar, ədəbiyyat və elm adamları haqqında hazırlanıb. Bu ənənə indi də davam etməkdədir. İlk dəfə Türkiyədə başqa bir ölkənin nümayəndəsi olan görkəmli dilçi alim, türkoloq və yazıçı Kamal Abdulla haqqında eyni formatda “Mifologiya elçisi Kamal Abdulla ərmağanı” adlı kitab hazırlanıb. Bu Azərbaycanın elm və mədəniyyət tarixində də ilk belə hadisədir.

Yeni nəşrdə təkcə Türk dünyasının deyil, dünyanın müxtəlif ölkələrinin bir çox görkəmli elm adamlarının, ictimai xadimlərinin imzalarını görə bilərik. Kitabda Şeyxülislam Allahşükür Paşazadə, Anar (Azərbaycan), Oljas Süleymenov (Qazaxıstan), Zeynep Qorxmaz (Türkiyə), Mirfatix Zəkiyev (Rusiya-Tatarıstan), Franko Kardini (İtaliya), Maks Statkeyeviç (ABŞ) kimi bir çox görkəmli yazarların, elm adamlarının, ictimai xadimlərin Kamal Abdulla haqqında ürək sözləri, təbrikləri, elmi araşdırmaları, həmçinin Türk Dil Qurumunun rəhbəri professor Gürer Gülsevinin, PİAC-ın prezidenti professor Barbara Keilner Heinkelenin, Yunus Əmrə İnstitutunun direktoru professor Şərəf Atəşin, İranın Qərbi Azərbaycan valisi Məhəmməd Rza Porməhəmmədin, Ukrayna Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vaskonun, Özbəkistan Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şöhrət Siracəddinovun, Fransa Senatının sabiq üzvü, Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Manselin yubiley münasibətilə ünvanladıqları xoş arzuları yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti