Bakı. Trend:
Bu gün sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili Nəzarət şöbəsinin əməkdaşları olmuş Ədil Dədəkişiyev, Niyaməddin Orucov və Anar Əliyev ifadə veriblər. İttihama görə, illik plana uyğun olaraq müxtəlif struktur bölmələrdə yoxlamalar həyata keçirib. Yoxlamalar zamanı nöqsanlar aşkar olunan şəxslərin vəzifələrində qalmaq üçün rüşvət alınıb.
10, 20, 30 min manat məbləğində olan rüşvət Daxili Nəzarət İdarəsinin rəis müavini Nizami Xanlarovun vasitəsilə aidiyyəti şəxslərə çatdırılıb.
Məhkəmədəki ifadələrində isə şahidlər nöqsan aşkarlanan şəxslərin hansı yolla işlərinə davam etmələrindən xəbərsiz olduqlarını bildiriblər.
Şahid Anar Əliyevin deyib ki, 2015-2018-ci illərdə daxili
nəzarət şöbəsində işləyib.
"Plana uyğun olaraq müxtəlif rayonlarda yoxlamalar keçirmişəm,
aşkar olunmuş nöqsanlar barədə akt tərtib edərək idarənin rəis
müavini Nizami Xanlarova təhvil vermişəm. Ən çox nöqsan adətən
pensiya indekslərinin düzgün hesablanmaması ilə bağlı olurdu. Amma
heç kim mənə rüşvət verməyib. İstintaqda da rüşvətlə bağlı nə isə
dediyimi xatırlamıram", - şahid bildirib.
Prosesdə ifadə verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsində yerləşən "Əlillərin Bərpa Mərkəzi"min anbar müdiri Vüsal Cəlilov isə deyib ki, mərkəzin "Qırxbulaq" MMC ilə müqaviləsi olub. Müxtəlif vaxtlarda şirkətə vəsait köçürülüb ki, həmin vəsaitin də bir hissəsi geri qaytarılıb: "Mənim işim kuryerlik olub. Zərfdə pullar göndərirdilər mən də nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini Ülviyyə Məmmədovaya çatdırırdım".
İttihama görə, mərkəzin ehtiyaclarının qarşılanması üçün köçürülən 117 min manatdan 9915 manat, 75 min manatdan 16 min manat, 146 min manatdan 30 min 953 manat "otkat" formasında qaytarılıb. Bütün bu vəsait Ülviyyə Məmmədovaya xidməti otağında təhvil verilib.
Dövlət Sosial Müdafiə Fondunun Quba və Xaçmaz şöbəsinin müdiri olmuş Yasin Rüstəmov isə işindəki nöqsanlara görə iki dəfə rüşvət verdiyini deyib: "2013-16-cı illərdə Qubada fond müdiri işləyirdim. Həmin vaxt nazirliyin daxili nəzarət şöbəsi yoxlama keçirdi. İşimdən olmamaq üçün idarənin rəis müavini Nizami Xanlarova 18 min manat verdim. Bundan sonra Xaçmaz DSMF-in müdiri oldum. Oradakı nöqsanlarıma görə isə Xanlarova 15 min manat verdim".
Növbəti proses dekabrın 26-na təyin olunub.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.