Bakı. Trend:
Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən azad edilib.
Həmçinin, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi 2029-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib.
Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
