...

KİV-in dili ilə bağlı ümumrespublika konfransı keçiriləcək

Cəmiyyət Materials 22 İyun 2006 11:40 (UTC +04:00)

Bu il oktyabrın birinci ongünlüyündə Bakıda "Azərbaycanda medianın dili: problemlər və həlli yolları" mövzusunda ümumrespublika konfransı keçiriləcək. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurası Dil Komissiyasının iclasında belə konfransın keçirilməsi qərara alınıb. İclasda, həmçinin, "Ana dili hərəkatı"nın yaradılması barədə müzakirələr aparılıb. Ölkənin tanınmış dilçi alimlərinin, mütəxəssislərinin və KİI təmsilçilərinin iştirak etdiyi həmin tədbirdə belə bir hərəkatın mövcudluğunun mediamızın bərbad vəziyyətdə olan dilinin normal məcraya salınma zərurətindən irəli gəldiyi vurğulanıb.

İclasda Şuranın sədri Əflatun Amaşovun, komissiyanın sədri, professor Kamil Iəli Nərimanoğlunun, professor Qəzənfər Kazımovun, MŞ sədrinin müavini, professor Qulu Məhərrəmlinin, filologiya elmləri namizədləri İlham Abbasovun ("Xalq qəzeti"), Azər Turanın ("Ədəbiyyat" qəzeti), ADPU-nun dosenti Ramazan Qafarlının, müəllim Xanım Qasımovanın, jurnalist Bəsti Əlibəylinin ("525-ci qəzet"), Hüqüq Salmanovun ("RUH" AJMK) və başqalarının çıxışlarında kütləvi informasiya vasitələrinin dilinin mövcud durumunun səbəbləri, problemlərin həlli yolları barədə ətraflı söhbət açılıb. Komissiyanın iclasında konfransda mətbu dilimizin mövcud durumunun müxtəlif sahələri ilə bağlı məruzələrin dinlənilməsi qərara alınıb. İclasda, həmçinin, konfransa hazırlıq üzrə işçi qrupu da yaradılıb.

Xəbər lenti

Xəbər lenti