Bakı. Trend:
Azərbaycanda sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından azad olma müddətinin həmin rezidentin qeyd olunan parklarda qeydiyyata alındığı tarixdən 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.