Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC "Asnaf sənaye şirkəti" MMC-yə quru yüklər və soyuducu anbarların tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının genişləndirilmiş variantını hazırlamağı təklif edib. Bu barədə bazar ertəsi AİŞ icraçı direktorunun müavini Riad Qasımov məlumat verib.
Layihənin TİƏ-yə düzəlişlərin edilməsindən sonra tikinti və yaradılan müəssisələrin idarə edilməsi üçün əməliyyat şirkətinin yaradılması gözlənlilir. İnvestisiya şirkətinin layihədəki maksimal iştirak payı 25 faiz təşkil edir.
Soyuducu və quru anbarların Bakının Fəhlə prospekti rayonunda tikilməsi planlaşdırılır. İlkin TİƏ variantına görə, anbarların sahəsi 3 min kv.m olacaq. TİƏ-nin son variantı olmadığından, layihənin dəyəri hələ dəqiqləşdirilir. Lakin , adətən, anbarların tikintisi, avadanlıqdan asılı olaraq, $100 mln.-dan $300-400 mln.-dək başa gəlir.
Beynəlxalq maliyyə institutları - islam şirkətləri, AİŞ-in İslam korporasiyası ilə birgə yaratdığı Xəzər Beynəlxalq İnvestisiya Şirkəti bu layihəyə böyük maraq göstərirlər. Beynəlxalq Maliyyə Korporasiyası, Küveyt Maliyyə Evi həmçinin layihə ilə maraqlanıblar.
Bu anbarların əsas istifadəçiləri istehsalçılar və ixrac-idxal əməliyyatlarının subyektləri olacaqlar. Gələcəkdə ölkənin regionlarında analoji anbarların yaradılması planlaşdırılır. Lakin onlar kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulacaq.
AİŞ 2007-ci il iyunun 29-da "Asnaf sənaye şirkəti" ilə quru yüklər üçün anbar və soyuducunun yaradılması istiqamətində əməkdaşlıq üzrə niyyət memorandumu imzalayıb.
İyunun 9-na olan rəsmi məzənnə - 0,8169 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]