Təfərrüatlar əlavə olunub (ilk xəbər 4 dekabr saat 20:33-də yayılıb)
Bakı. Trend:
Qəza ilə əlaqədar həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfər xilas olunmuşdur.
xxx
"Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, 32 nəfər xilas edilib, bir nəfər həlak olub.
x x x
Verilən ən son məlumata görə, "Günəşli" yatağında yanan platformadan xilas edilənlərin sayı 30-dan artıqdır.
x x x
"Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən son məlumata görə, 29 nəfər xilas edilib.
x x x
Verilən son məlumata görə, "Günəşli" yatağında yanan platformadan xilas edilənlərin sayı 25-dən artıqdır.
x x x
Saat 14:00-da verilən məlumata görə, yanan platformadan xilas edilənlərin sayı 20-yə çatıb.
x x x
"Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, 5 nəfər xilas edilib. Xilas edilənlərin birinin qadın, dördünün kişi olduğu bildirilir.
x x x
Ötən gün axşam saatlarında güclü yanğının baş verdiyi "Günəşli" dəniz yatağında hasiletmə platformasında olan personalın təxliyyəsi üzrə işlər davam edir. Bunu Trend-ə baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.
X X X
SOCAR və "Azneft" İstehsalat Birliyinin rəhbərliyi, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Bunu Trend-ə "Günəşli" yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.
Qərargahdan qeyd ediblər ki, yataqda yanğın davam edir, çünki güclü külək və yüksək dalğalar səbəbindən onun söndürülməsi çətinləşir. İnsan itkisi yoxdur, bütün personal dənizdə xilasetmə qayıqlarındadır. Personalın təxliyyə edilməsi üzrə işlər aparılır.
X X X
"Günəşli" yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir. Hadisə ilə əlaqədar yaradılan qərargahdan Trend-ə verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.
Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.
X X X
Yanğın nəticəsində heç bir insan itkisi yoxdur.
Trend-in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS TV-yə bildirib.
O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
"Günəşli" yatağındakı 10-cu özüldə yanğın baş verib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.
Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində qərargah yaradılıb.
Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005
X X X
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Trend-ə bildirib ki, külək çox güclü olduğundan platformaya yaxınlaşmaq hələ mümkün olmayıb.
X X X
Neft bazarındakı mənbə Trend-ə bildirib ki, platformada olan neftçilər qayıqlarla təxliyə olunur.
Ölən və xəsarət alanlar barədə hələ məlumat yoxdur.
Mənbə qeyd edib ki, yanğın hələ davam edir. Hündürlüyü 10-11 metrə çatan dalğalar yanğınsöndürmə işlərinə mane olur.