Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbirlər İ.İzzət, E.Mehdiyev/
Abşeronda VAZ markalı iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu Novxanı qəsəbəsində "VAZ 21011" və "VAZ 21015" markalı iki minik avtomobili toqquşub.
Hadisə yerinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ 21015" markalı avtomobilin sürücüsü xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:50-də başa çatıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə sakinləri İlqar Həmzəyevin idarə etdiyi "VAZ-21015" və Elnur Ağalarovun idarə etidiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşub.
Nəticədə xəsarət almış hər 2 sürücü və Həmzəyevin iki sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən biri - Amid İbrahimov orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.