Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyi erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatların həqiqətəuyğun olmadığını bildirib.
"İnanmıram ki, erməni icmasının sayı azərbaycanlılardan xeyli çox olsun. Bir müddət əvvəl bir qrup ziyalı Dağlıq Qarabağa səfər etmişdi. Orada müxtəlif görüşlər keçirildi, həm də müşahidələr aparıldı. Ümümi fikrim bundan ibarətdir ki, hazırda erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatları həqiqətdən tamamilə uzaqdır", - Trend -un məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin sədri Bayram Səfərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Səfərovun sözlərinə görə, Şuşada məskunlaşan ermənilərin sayı maksimum 1000 nəfərdir. "Münaqişə başlayandan sonra Qarabağdan ermənilərin əksəriyyəti çıxıb gedib. Sonradan bu ərazilərə köçürülənləri nəzərə almasaq, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı o qədər də çox deyil. Çünki orada həyat səviyyəsi çox aşağıdır. Ermənistan rəhbərliyi bu insanlar üçün də böyük bəla olub. Ermənistanın apardığı siyasət bu insanları dolanışıq üçün xarici ölkələrə köç etməyə məcbur edib", - o bildirib.
İcma rəhbəri hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının sayının 65 min nəfərdən çox olduğunu deyib. "Biz Dağlıq Qarabağın azərbaycanlı icmasının dəqiq siyahısının yenidən işlənməsinə, əhalinin sayının dəqiqləşdirilməsinə çalışırıq. Təbii ki, bu da kifayət qədər mürəkkəb prosesdir. Məsələn, təkcə Şuşa rayonunun əhalisi respublikamızın 59 rayonunda məskunlaşıb. Eynilə, digər rayonların sakinlərinin siyahıyaalınması da çox çətin olacaq. Bununla belə, çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk", - Səfərov bildirib.
Sülh sazişinin imzalamasına nail olunacağı halda ermənilərlə birgə yaşamağa gəlincə Səfərov bildirib ki, ermənilərlə qonşu yaşamaq bizim qismətimizdir. "Doğrudur, Dağlıq Qarabağ münaqişəsi nəticəsində çox itkilər vermişik, fəlakətlər yaşamışıq. Bunlara baxmayaraq, ermənilərlə qonşu yaşamaq bizim qismətimizdir, taleyimizdir. Fikrimcə, zaman hər şeyi yoluna qoyacaq. Sadə vətəndaşlar bu müharibənin olmasına tərəfdar deyillər. Ona görə də, erməni vətəndaşlarımızla birgə yaşamaq mümkündür. Təbii ki, münaqişə sülh yolu ilə həll olunduqdan sonra bölgədə Azərbaycan qanunları tətbiq ediləcək və bütün vətəndaşlar bu qanunlara tabe olacaqlar", - icma rəhbəri deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]