Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyasının Gənclər Təşkilatı aprelin 30-da Bakının mərkəzi meydanlarından birində həmrəylik mitinqi keçirmək niyyətindədir.
"Müsavat Partiyası Gənclər Təşkilatı Azərbaycan Dövlət Neft Akademiyasında 2009-cu il aprelin 30-da baş verən terror aktının ildönümü ilə əlaqədar Cəfər Cabbarlı meydanında gənclərin və tələbələrin həmrəylik mitinqini keçirəcək", - bazar ertəsi Trend-ə partiyanın mətbuat xidmətindən bildirilib.
Aprelin 30-da saat 13:00-dan 15:00-dək keçirilməsi nəzərdə tutulan aksıya ilə bağlı artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. "Mitinqdə "30 aprel tələbələr günü elan edilsin!", "ADNA-da terror qurbanlarına xatirə abidəsi ucaldılsın!" şüarlarının səsləndirilməsi qərara alınıb", - məlumatda vurğulanır.
2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına odlu silahla hücum edən Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.
Həmin cinayət işi üzrə 4 nəfər həbs olunub və barələrindəki cinayət işinin istintaqı yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.