...

Nərgiz Paşayeva: Azərbaycan Rusiya ilə dil və mədəniyyət əlaqələrini qoruyub saxlaya bilib

Siyasət Materials 22 İyun 2011 19:25 (UTC +04:00)
Nərgiz Paşayeva: Azərbaycan Rusiya ilə dil və mədəniyyət əlaqələrini qoruyub saxlaya bilib
Nərgiz Paşayeva: Azərbaycan Rusiya ilə dil və mədəniyyət əlaqələrini qoruyub saxlaya bilib

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iyunun 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiyanın yüksək dövlət mükafatını - "Dostluq" ordenini təqdim edib. Nərgiz xanım bu mükafata xarici dövlətlərin dünyada tanınmış iş adamları, elm və mədəniyyət xadimləri olan vətəndaşları sırasında Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə layiq görülüb.

RF Prezidentinin Moskva yaxınlığındakı "Qorki" iqamətgahının Mavi zalında keçirilmiş mərasim Rusiya cəmiyyətində və bu ölkənin KİV-lərində böyük maraq doğurub.

Rusiyanın "Vesti-24" telekanalı Nərgiz Paşayevadan müsahibə götürüb. Nərgiz xanım "Vesti" müxbirinin suallarını cavablandıraraq onun əməyinə verilən yüksək qiymətə və hörmətə görə RF Prezidenti Dmitri Medvedevə minnətdarlığını bildirib. O deyib: "Dostluq" ordeni ali, dərin mənalı və xüsusi əhəmiyyətli bir ordendir. Yüksək səviyyədə dəstəkləndiyimə görə fəxr edirəm".Məlumatı AzərTAC Dövlət İnformasiya Agentliyi yayıb.

Nərgiz Paşayeva müsahibəsində Azərbaycan-Rusiya humanitar əlaqələri, elm və təhsil sahəsində iki ölkənin əməkdaşlığı haqqında, M.V.Lomonosov adına MDU-nun 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Bakı filialının fəaliyyəti barədə məlumat verib. Rektor bildirib ki, hazırda bu ali məktəbdə 262 tələbə təhsil alır. Burada dörd fakültə - filologiya, riyaziyyat, psixologiya və kimya fakültələri fəaliyyət göstərir. Filialın müəllimlərinin 90 faizi Moskva Dövlət Universitetinin "növbə rejimində" işləyən dosentləri və professorlarıdır. Paşayeva deyib ki, ali məktəbimizin mövcud olduğu üç ildə MDU-nun 350 müəllimi bizdə dərs deyib. Bu rəqəmlər çox şeydən xəbər verir. MDU-nun müəllimləri bizim ali məktəbin əsas tərkib hissəsidir. Bu cür müəllim heyəti olmasa, keyfiyyətli, yeni təhsili, bu gün ölkəyə lazım olan təhsili təmin etmək qeyri-mümkün olar. Çünki Moskva Dövlət Universiteti bütün dünyada tanınıb. Keçmiş Sovet İttifaqından olan 18 nəfər Nobel mükafatı laureatından 11-i məhz M.V.Lomonosov adına MDU-nu bitirənlərdir. Rektor vurğulayıb:

"Belə ali məktəbdə adi, zəif müəllimlər ola bilməz. Onlar xüsusi adamlardır və bu adamlar bizə lazımdır. Onlar bizə həm peşəkarlar kimi, həm də peşəkar xarakterli biliklərin və insan təbiətinə aid biliklərin daşıyıcıları olan şəxsiyyətlər kimi lazımdır". Ümumiyyətlə, professor Paşayevanın fikrincə, MDU-nun Bakı filialının yaradılması respublikanın mədəni, elmi və təhsil həyatında böyük hadisə olub.

Nərgiz xanım rəhbərlik etdiyi ali məktəbin perspektivlərindən söhbət açaraq bildirib ki, gələcəkdə filialı genişləndirmək, daha bir neçə fakültə açmaq planlaşdırılır. Paşayeva deyib:

"Mənim fikrimcə, bunlar çox güman ki, geologiya, incəsənət, ola bilsin ki, iqtisadiyyat və fizika fakültələri olacaq. Əlbəttə, əgər fakültələrimizin sayı daha çox olarsa, biz bundan yalnız qazanarıq. Bu, həm elmin, həm də ictimai və mədəniyyətlərarası əlaqələrin xeyrinə olar".

O, əmin olduğunu bildirmişdir ki, MDU-nun Bakı filialının məzunlarının peşəkarlığı və dərin bilikləri sayəsində ölkədə onlara tələbat olacaq.

Professor Azərbaycanda rus dilinə münasibət barədə sualın cavabında qeyd edib ki, ölkəmizdə bu münasibət həmişə yaxşı olub.

"Azərbaycanda rus dilinə münasibət əladır və bu ənənələr çox möhkəmdir", - deyən Paşayeva vurğulayıb ki, ölkəmizdə rus dilinə tələbat həmişə yüksək olub.

Rektor onu da deyib ki, Azərbaycan Rusiya ilə dil və mədəniyyət əlaqələrini qoruyub saxlaya bilib. Onun sözlərinə görə, ənənələrin epizodik və ötəri olmaması üçün bu fəaliyyət xətti davam etdirilməlidir. Paşayeva daha sonra deyib:

"Azərbaycanda rus dilinə böyük sevgi ilə yanaşmışlar və ən başlıcası, rus dilini Azərbaycanda həmişə hiss edirlər. Dili bilmək azdır, onu dərindən hiss etmək, başa düşmək lazımdır və mən çox şadam ki, bizim filial bu zəngin dilə marağın daha da artmasına kömək edir".

Xəbər lenti

Xəbər lenti