Azərbaycan, Bakı, 23 dekabr /Trend/
Dünya ölkələrinin dövlət başçıları Azərbaycan Prezidentini 50 illik yubileyi münasibətilə təbrik edirlər.
"Hörmətli cənab Prezident, əziz cənab Əliyev. Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin ad gününüz ölkənizin Almaniya tərəfindən ilk gündən dəstəklənən müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir. Mən Sizə öz bayramınız olan ad gününüzdə möhkəm cansağlığı arzu edirəm", - Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin təbrikində deyilir.
"Hörmətli cənab Prezident, Əziz İlham. Sizin 50 illik yubileyiniz münasibətilə mənim ürəkdən gələn təbriklərimi, möhkəm cansağlığı, şəxsi və ailə səadəti, çox məsuliyyətli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər barədə ən səmimi arzularımı qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək, Bolqarıstan-Azərbaycan münasibətləri ideyası, habelə dinamik və səmərəli inkişaf uğrunda Sizinlə birlikdə işləmək imkanından məmnunluğumu ifadə etmək istərdim. Əminəm ki, nəzərdə tutulmuş mühüm təşəbbüsləri birgə fəal səylərlə reallaşdıra biləcək və ikitərəfli əməkdaşlıq qarşısında daha əlverişli perspektivlər açacağıq. Həmçinin, Bolqarıstan və Azərbaycan arasında hərtərəfli dialoqun möhkəmlənməsinə, dost xalqlarımızın həqiqətən yaxınlaşmasına görə Sizin şəxsi səylərinizə verdiyim müstəsna əhəmiyyəti vurğulayıram. İnanıram ki, biz ölkələrimizə tərəqqi və əmin-amanlıq gətirəcək yaxın şəxsi əlaqələri bundan sonra da dəstəkləyəcəyik.
Hörmətli Prezident, icazə verin, Sizi bir daha əlamətdar yubileyiniz münasibətilə səmimi təbrik edim. Sizə yüksək ehtiram bəslədiyimə əmin ola bilərsiniz", - Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov təbrikində bildirib.
Cümə günü Türkiyə Respublikasının keçmiş Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əhməd Necdət Sezər dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Əhməd Necdət Sezərə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Əhməd Necdət Sezər keçirdikləri görüşləri və danışıqları məmnunluqla yad ediblər.
"Hörmətli Prezident cənab Əliyev. İcazənizlə Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə möhkəm cansağlığı və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram.
Əminəm ki, Siz gələcəkdə də ölkənizə müvəffəqiyyətlə rəhbərlik edəcəksiniz və Serbiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı naminə hərtərəfli əməkdaşlığımızı birgə səylərlə davam etdirəcəyik. Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə öz dərin ehtiramımı bildirmək istəyirəm", - Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təbrikində deyilir.
"Zati-aliləri, Əlamətdar yubileyiniz münasibətilə Sizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Sizə uzun ömür, möhkəm cansağlığı, dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm", - İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn təbrikində bildirib.
"Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2011-ci il dekabrın 24-də 50 yaşı tamam olur. Biz, ona möhkəm cansağlığı və xoşbəxtlik dolu uzun ömür diləyir, ad gününü təbrik edirik. Qardaş Azərbaycan Respublikasının dəyərli Prezidenti səkkiz ildir bu vəzifəni yerinə yetirir. Müvəffəqiyyətlə yerinə yetirir. Biz, ona uğurlarla dolu daha neçə-neçə illər arzulayırıq.
Hörmətli İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən on il keçəndən, Böyük Lider, dövlətin qurucusu, mərhum Heydər Əliyev vəfat edəndən sonra Azərbaycan xalqı tərəfindən bu ali vəzifəyə ilk dəfə seçilmişdir. Beş il sonra keçirilən seçkilərdə də yenidən Azərbaycan Prezidenti seçilmişdir. Göründüyü kimi, çox mürəkkəb bir dövrdə çox çətin bir işi öhdəsinə götürmüş və bunu müvəffəqiyyətlə yerinə yetirmişdir. Uğurlarının təsdiqi bu gün Azərbaycanda gördüklərimizdir.
Azərbaycan çox mühüm inkişafa nail olmuşdur. Bir tərəfdən çoxpartiyalı siyasi sistem qurulmuş, digər tərəfdən, ölkə iqtisadi və sosial baxımdan sürətlə inkişaf etmişdir. On il ərzində Azərbaycanı iki dəfə görən insanlar inkişafın fərqindən heyrətlərini gizlətmirlər.
Vəzifə çətindir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünyada tərəddüdlər var idi. 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti unudulmamışdı. Türkiyə Respublikasının Baş naziri olaraq 1992-ci ilin mayında Azərbaycan parlamentindəki nitqimdə ölkənin qarşısındakı çətinliklərə işarə etmişdim.
Bir transformasiya olacaqdı: kommunist rejimindən demokratik sistemə, marksist iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiləcəkdir. Dövlət yenidən qurulacaq, xalq yenidən təşkilatlanacaqdır. Bu çətin vəzifəni dəyərli dostum, Böyük Lider Heydər Əliyev cəsarətlə öz üzərinə götürmüşdü. Daha doğrusu, Azərbaycan xalqı onu təkidlə bu vəzifəyə dəvət etmişdi. Dövləti ayağa qaldırmaq, ölkədaxili məsələləri nizama salmaq, sistemi qurmaq, işlətmək və dünya ilə əlaqələri yaratmaq lazım idi. Bunları yerinə yetirmək vacib idi.
Ötən 20 il ərzində, on ili ataya, on ili oğula aid olmaqla göstərilən səylər nəticəsində bir çox çətinliklər aradan qaldırılmış, müharibə dayandırılmış, sülh danışıqlarına başlanılmış, qarşıya qoyulan məqsədə nail olunmuşdur. Bu, parlaq bir nailiyyətdir. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Avropadakı təşkilatların üzvüdür. Regionda əməkdaşlığa səy göstərməkdədir. Dünya ilə ticarət əlaqələri qurmuşdur. Təbii resurslarını dünya bazarlarına çatdırmaqdadır. Azərbaycanın iş adamları artıq başqa ölkələrə də sərmayə qoymağa qadirdirlər. Dünyanın müxtəlif ölkələrindən sərmayədarlar Azərbaycanda iş görməkdədirlər. Azərbaycan qlobal rəqabətə açıq bir sistemdə fəaliyyətdədir. Daha doğrusu, müasir dünyaya inteqrasiya olunmuşdur. Adambaşına düşən 10 min dollar gəlir səviyyəsini keçmişdir. İnkişaf, abadlıq-quruculuq və inşaat işləri sürətlə davam etməkdədir.
Oktyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Humanitar Forum keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən görkəmli insanlar bu Forumda iştirak etmişlər. Azərbaycan mesajını bütün dünyaya çatdırmaq fürsəti əldə etmişdir. Bu Forumda iştirak etmək üçün Bakıda səfərdə olduğum müddətdə dəyərli dostum, qardaşım Heydər Əliyevin məzarını ziyarət etdim. Ruhuna dualar oxudum. Dedim ki, "Əziz qardaşım, qalx bir gör, nələr olmuşdur? Gözəl Azərbaycanın etibarlı əllərdədir. İlham Əliyev vəzifəsini fəxr edəcəyin şəkildə yerinə yetirir. Rahat ol! Rahat uyu!"
Əlli yaşlı dəyərli Prezident İlham Əliyev möhtəşəm uğurlara imza atan, xalqının rifahı və xoşbəxtliyi üçün çalışan nüfuzlu bir liderdir. Ona bu gözəl ölkəyə və bu böyük millətə xidmət işində uğurlar arzulayıram.
Onun ən yaxın silahdaşı, hörmətli xanımı Mehriban Əliyevanın Prezidentin fəaliyyətini dəstəkləməsini yüksək qiymətləndirirəm", - Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl təbrikində vurğulayıb.
Hörmətli cənab Prezident, əziz dostum! Xahiş edirəm əlamətdar yubileyiniz münasibətilə səmimi və dost təbriklərimi, gözəl ölkənizin gələcək inkişafı naminə məqsədlərinizin yerinə yetirilməsində ən xoş arzularımı qəbul edin. Digər ölkələrin maliyyə resursları çatışmazlığının yaratdığı çətinliklərlə üzləşdiyi, vətəndaşlara daha az maliyyə vəsaiti ayırmaqla problemləri həll etməyə çalışdığı və gələcək inkişaf naminə xərcləri azaltmaq məcburiyyətində qaldığı bir vaxtda Azərbaycana səfərim zamanı vətəndaşlarınızın yaşayış standartlarının yüksəldilməsi ilə bağlı Sizin uğurlu fəaliyyətinizdən tam əmin olmaq fürsəti qazandım. Mən çox şadam ki, Siz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətli inkişafının əsasını qoyan Prezidentin - sələfiniz və atanızın siyasətini davam etdirirsiniz. Mən şəxsən özüm şahidi oldum ki, təkcə paytaxt Bakıda deyil, ölkənizin digər regionlarında da milli iqtisadiyyatın bütün sahələrində inkişaf davam edir.
Hörmətli cənab Prezident, əziz dostum! Səmərəli həyatınızın gələcək illərində və Azərbaycan Respublikasının Prezidenti kimi çətin və məsuliyyətli işinizdə Sizə uğurlar arzu edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik diləyirəm", - Slovakiya Respublikasının sabiq Prezidenti Rudolf Şusterin təbrikində deyilir.
"Hörmətli İlham Heydər oğlu. Sizi anadan olmağınızın 50 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bu gün Sizin səmərəli həyat yolunuzun mühüm mərhələsidir.
Siz Azərbaycan Respublikasının rəhbəri kimi bütün güc və enerjinizi onun gələcək inkişafına sərf edərək, atanız - görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyatının məramı olmuş işi layiqincə davam etdirən əsl xalq liderinə çevrilmisiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətçiliyin möhkəmlənməsində, sosial-iqtisadi, mənəvi və mədəni inkişafda yeni təkan almışdır. Bu gün Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlıq yüksək səviyyəyə çatmışdır. Azərbaycan ilə Dağıstan arasında mehriban qonşuluq əlaqələri inkişaf edir və dərinləşir. Qəti əmin olduğumu bildirirəm ki, xalqlarımızı birləşdirən, zəngin həyat təcrübəsinə söykənən mehriban dostluq, qonşuluq və əməkdaşlıq ənənələri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə gələcək uğurlar barədə səmimi arzularımı qəbul edin", - Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov təbrikində bildirib.
"Hörmətli İlham Heydər oğlu. Sizi 50 illik yubileyiniz münasibətilə Dağıstan Respublikası Xalq Məclisi adından və şəxsən öz adımdan hərarətlə və ürəkdən təbrik edirəm. Dağıstanlılar Sizi siyasi və dövlət xadimi kimi yaxşı tanıyır, respublikalarımızın xalqları arasında ənənəvi qardaşlıq, dostluq və əməkdaşlığın möhkəmlənməsinə, sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş səylərinizi yüksək qiymətləndirirlər.
Uzun ömür, möhkəm cansağlığı, tükənməz güc və enerji, Azərbaycan Respublikasının tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə gələcək uğurlarla bağlı ən xoş arzularımı qəbul edin", - Dağıstan Respublikası Xalq Məclisinin sədri Maqomed-Sultan Maqomedov təbrikində qeyd edib.
Dekabrın 23-də Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Polşa Prezidenti dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Bronislav Komorovskiyə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Polşa arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin uğurla keçdiyi bir daha vurğulanıb, dövlət başçıları səviyyəsində görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.