...

Ukraynada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq

Siyasət Materials 24 Yanvar 2012 14:14 (UTC +04:00)
Ukraynada İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun büstü qoyulacaqdır.
Ukraynada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ukraynada İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun büstü qoyulacaqdır.

Azərbaycanın Ukraynadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu ölkədə fəaliyyət göstərən M.P.Lazerev adına Hərbi-dəniz donanması veteranlar birliyinin təşəbbüsü ilə Kiyev şəhərində yerləşən Dənizçilər parkının Şərəf xiyabanında bir sıra yüksək rütbəli tanınmış donanma zabitlərinə, o cümlədən Rusiya İmperiyası donanmasının Azərbaycanlı vitse-admiralı, Sakit okeandakı rus hərbi-dəniz qüvvələrinin komandanı, Krım müharibəsinin iştirakçısı, İmperator coğrafiya birliyinin həqiqi üzvü olmuş İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun büstü qoyulacaq.

Aslanbəyov (10 sentyabr 1822, Bakı - 7 dekabr 1900, Peterburq) Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra, Baltik, Qara və Aralıq dənizləri donanmalarında qulluq edib, 1879-1882-ci illərdə Sakit Okeanda rus hərbi-dəniz qüvvələrinin komandiri olub, 1887 - ci ildə Vitse-admiral rütbəsini alıb.

Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək dövlət mükafatları ilə təltif olunub.

Aslanbəyovun xidmətləri Serbiyanın "Takova" (1879), Rusiyanın "Müqəddəs Vladimir" (1854), birinci dərəcəli "Müqəddəs Stanislav" (1881), birinci dərəcəli "Müqəddəs Anna" (1883) , "Ağ qartal" (1888) Yaponiyanın "Günəşin doğması" (1882), Havay dövlətinin ikinci dərəcəli "Kalakua" (1882) ordenlərinə layiq görülüb.

Kiyevin dənizçilər parkında vitse-admiral, İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun büstünün açılışında hər iki ölkənin səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti