...

Qərb Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir - RƏY

Siyasət Materials 25 Mart 2024 16:36 (UTC +04:00)
Qərb Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Zaman-zaman dünyanın müxtəlif yerlərində münaqişə ocaqları yaradan, qanlı müharibələrə rəvac verən bəlli xarici güclər yenə iş başındadırlar. Onların növbəti hədəfi isə Cənubi Qafqazdır. Bunu sadəcə söz xətrinə demirik. Son vaxtlar cərəyan edən proseslərin təhlili belə nəticəyə gəlməyə əsas verir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, dünyanın fərqli nöqtələrində müharibə ocaqları yaradan xarici güclər hazırda Cənubi Qafqazda eyni qanlı ssenarini reallaşdırmaq üçün hərəkətə keçiblər:

“Təəssüflə qeyd etməliyik ki, bu dəfə də onların maşası rolunda Ermənistan çıxış edir. Belə ki, Ermənistan parlamenti bu günlərdə Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib.

Xatırladım ki, bu missiyanın formalaşması və fəaliyyəti heç də birmənalı qarşılanmayıb. 2023-cü ilin yanvarında yaradılmasına baxmayaraq, elə həmin ilin dekabrında bu formalaşmanın iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb. Bu isə ortaya haqlı narahatlıqlar və suallar çıxarıb. Orada təmsil olunanların, əsasən, Avropanın ayrı-ayrı ölkələrindən olan keçmiş hərbçilərin olması isə bu missiyanın məqsədinin heç də sözdə bəyan edildiyi kimi, xoşməramlı, yaxud da sülhməramlı olmadığına işarə edir”.

Deputat bildirib ki, narahatlıq doğuran bir başqa məsələ Ermənistan parlamentinin məhz indi razılaşmanı ratifikasiya etməsidir:

“Heç şübhəsiz, bu, həm də aprelin 5 də keçiriləcək Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü ilə bağlıdır. Yəni, görünən odur ki, bu format Azərbaycana qarşı yönəlib və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Aİ, ümumilikdə, ABŞ və Fransanın timsalında Qərb regionda yeni bir oyuna baş vurur. Görünən odur kİ, Qərb Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planları qurur. Bu, bütün regiona ciddi təlatümlər, yeni müharibələr və qarşıdurmalar vəd edir”.

V.İskəndərov vurğulayıb ki, Avropa İtifaqının Ermənistandakı missiyası qısamüddətli olmalı idi:

“Lakin sonradan uzunmüddətli status təsdiq olundu və onun hərbiləşdirilməsinə başlandı. Yəni, göründüyü kimi, Qərb bu yolla regiona hərbi müdaxiləyə başladı. Hazırda ABŞ-nin da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir. Bütün bu proseslər Azərbaycanın sərhədlərində baş verir və təbii ki, Azərbaycana qarşı yönəlib. Amma hesab edirəm ki, bu addım, yəni regionun münaqişəyə sürüklənməsi nə Qərbə, nə də onun çirkin oyununda vasitə rolunu oynayan Ermənistana hər hansı uğur vəd etmir”.

Xəbər lenti

Xəbər lenti