...

Milli Məclisdə qadınlara qarşı zorakılığa son qoyulması üçün xüsusi dinləmələr başlayıb

Siyasət Materials 21 Dekabr 2006 13:06 (UTC +04:00)

Dekabrın 21-də Milli Məclisdə qadınların durumuna dair xüsusi dinləmələr başlayıb. Trend xəbər verir ki, dinləmələrdə millət vəkilləri ilə yanaşı bir sıra nazirlər, nazir müavinləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, qeyri hökümət təşkilatların təmsilçiləri və mətbu orqanların rəhbərləri iştirak edirlər. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Avropa Şurasına üzv olan ölkələrdə qadınlara qarşı zorakılığa son qoymaq üçün kampaniya başlayıb. O, qeyd edib ki, kampaniya Avropa Şurasının dəstəyi ilə keçirilir. "Bu kampaniya 2006-2008-ci illəri əhatə edəcək. Əminəm ki, bu kampaniya Azərbaycanda da geniş vüsət alacaq".

Onun sözlərinə görə, 2006-cı ilin iyul ayında Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene Van der Linden Milli Məclisin sədri Oqtay Əsədova məktubla müraciət edərək Azərbaycanın da bu kampaniyaya qoşulmasını xahiş edib. "Kampaniyaya qoşulan Azərbaycan qadınlarına qarşı zorakılığın qarşısını almaq və mövcüd problemləri aradan qaldırmaq üçün yeni qanunlar qəbul etməli, mövcüd qanunları təkminləşdirməli, milli fəaliyyət planı hazırlamalı, bu işləri görmək üçün büdcədən vəsait ayrılmalıdır. Biz bütün bu işləri həyata keçirməyi nəzərdə tuturuq ",- sədr müavini qeyd edib.

B.Muradova vurğulayıb ki, Avropa Şurası bu işləri əlaqələndirmək üçün Azərbaycanın Milli əlaqələndiricisinin təyin edilməsini xahiş edib. Millət vəkili Gülər Əhmədova əlaqələndirici təyin edilib. G.Əhmədova 2006-cı ilin oktyabırda Strasburqda Avropa Şurasına üzv olan ölkələrdə bu işləri koordinasiya edəcək Milli əlaqələndiricilərin toplantısına qatılıb və noyabrın 17-də Madriddə qadınlara qarşı zorakılığa son qoyulması üçün həyata keçirilən kampaniyanın başlanmasını əks etdirən iclasda iştirak edib.

B.Muradova bildirib ki, qəbul edilən qaydalara görə, Avropa Şurasına üzv olan ölkələrin parlamentləri ildə bir dəfə bu kampaniyaya həsr olunmuş iclas keçirməli və bəyanat qəbul etməlidir. "Biz bu günkü iclasın sonunda parlamentin xüsusi bəyanatını qəbul etməliyik". Sonra Milli Məclisin bəyanatını hazırlamaq üçün 5 nəfərdən ibarət işçi qrup yaradıldı.

Qadınlara qarşı zorakılığa son qoyulması üçün görülən işləri koordinasiya edəcək əlaqələndiricisi Gülər Əhmədova bu məsələ ilə bağlı görülən və görülməsi vacib olan məsələlər haqqında xüsusi məruzə ilə çıxış edib.

Müzakirələr millət vəkillərinin və digər şəxslərin çıxışları ilə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti