...

2011-ci ildə korrupsiyaya görə cəzalandırılanların statistikası açıqlanıb

Cəmiyyət Materials 27 Yanvar 2012 11:21 (UTC +04:00)
2011-ci ildə korrupsiya halları ilə bağlı daxil olan müraciətlərin statistikası açıqlanıb.
2011-ci ildə korrupsiyaya görə cəzalandırılanların statistikası açıqlanıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

2011-ci ildə korrupsiya halları ilə bağlı daxil olan müraciətlərin statistikası açıqlanıb.

Trend-in məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il idarədə vətəndaşlar tərəfindən edilən 1084 müraciətə baxılıb. İdarəyə daxil olan cinayət xarakterli 234 müraciət və məlumatdan 128-i üzrə cinayət işi başlanıb.

Əliyev deyib ki, keçən il idarəyə digər hüquq-mühafizə orqanlarından cinayət xarakterli 30 məlumat daxil olub. FHN-dən 9, Ədliyyə Nazirliyindən 9, Məhkəmə-Hüquq Şurasından 1, DİN-dən 1, Dövlət Miqrasiya Xidmətindən 1, MTN-dən 4 və digər hüquq-mühafizə orqanlarından 5 məlumat daxil olub. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır.

Onun sözlərinə görə, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi başlanıb. Onlardan birinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilərək hökm çıxarılıb, 3-ü hazırda icraatdadır.

Prokurorluq işçiləri barəsində idarənin daxili təhlükəsizlik xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 6 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılıb, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib.

Ötən il idarəyə hazırlanan cinayətlər barədə 187 müraciət daxil olub. Həmin müraciətlər əsasında həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətmiş şəxslər tutulub və onlar barəsində 18 cinayət işi başlanıb. Onlardan 8-i üzrə istintaq yekunlaşıb məhkəməyə göndərilib, 10-nun istintaqı davam etdirilir.

Əliyev qeyd edib ki, ötən il idarənin istintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırması həyata keçirilib. 229 şəxs barəsində 142 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

"Əvvəlki illərlə müqayisədə ötən il korrupsiya cinayətlərinin ən təhlükəli formalarından passiv rüşvətxorluq -rüşvət alma cinayətləri aşkar olunub və və onların sayı əhəmiyyətli dərəcədə artıb. 2011-ci ildə 16 şəxs barəsində 11 iş rüşvətalma, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə işləri olub. 10 cinayət işinin istintaqı hazırda davam edir. Bu cinayət işləri üzrə 17 milyon 165 min manat ziyandan 7 milyon 822 min manatın ödənilməsi təmin edilib", - Əliyev hesabatında qeyd edib

Xəbər lenti

Xəbər lenti