...

Azərbaycanda vəzifəli şəxslərin maliyyə bəyannaməsinin forması hazırlanaraq hökumətə təqdim edilib

Cəmiyyət Materials 17 Yanvar 2014 12:44 (UTC +04:00)
Azərbaycanda vəzifəli şəxslərin maliyyə bəyannaməsinin forması hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Lakin hökumət hələ bununla bağlı qərar qəbul etməyib.
Azərbaycanda vəzifəli şəxslərin maliyyə bəyannaməsinin forması hazırlanaraq hökumətə təqdim edilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda vəzifəli şəxslərin maliyyə bəyannaməsinin forması hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Lakin hökumət hələ bununla bağlı qərar qəbul etməyib. Trend xəbər verir ki, bunu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2013-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda vəzifəli şəxslərin maliyyə bəyannaməsi ilə bağlı məsələ 2005-ci ildə qəbul edilən qanunda da öz əksini tapıb. Sadəcə bu forma qəbul edilmədiyinə görə proses ləngiyir: "7 il az vaxt olmasa da, formanın hazırlanması özü də uzun sürən proses olub. Lakin hazırda sənəd Nazirlər Kabinetindədir. Məsələ ondadır ki, hələlik hökumət sənədlə bağlı qərar verməyib".

V.Hüseynov, həmçinin qeyd edib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı hesabatda Azərbaycanla bağlı tövsiyələrin yer alması o deməkdir ki, Azərbaycan hökuməti onları qəbul edir. Azərbaycan tərəfindən bundan əvvəl həmin təşkilat tərəfindən verilmiş 19 tövsiyənin hamısı ya tam, ya da qismən icra olunub: "Komissiyanın tərkibinin genişləndirilməsi təklifini də qəbul etmişik. Amma bu, o demək deyil ki, biz mövcud 4 nəfərlə işlərin öhdəsindən gələ bilmirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti