Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Xəzəryanı ölkələr sırasında nərə körpələrinin Xəzərə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncü yeri qazana bilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 5-də Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavodunda KİV nümayəndələrinin iştirakı ilə təxminən 2 aylıq olan və standart normativ çəkisi 1-1,2 qram olan 100 minə qədər nərə körpəsi Kürə buraxılıb. Mövsümi olaraq yayda və oktyabrda həyata keçirilən bu proses iyulun sonuna kimi 1-2 gündən bir davam edəcək. Ümumilikdə isə 2014-cü ilin yaz-yay balıqartırma mövsümü ərzində 5 milyon ədəd nərə körpəsinin Kür çayının mənsəbinə buraxılışı proqnozlaşdırılır.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma zavodu tərəfindən ümumilikdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə çatdıqdan sonra (1-1,2 qram) Kür çayının mənsəbinə buraxılıb.
2007-ci ildən başlayaraq yaz-yay balıqartırma mövsümündə yetişdirilmiş nərə cinsli balıq körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək və daha yüksək kütləyə (80-150 qram) malik olduqdan sonra Kür çayının mənsəbinə buraxılır: "Son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən (1-1,2 qram) daha yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektiv olur, yəni nərə körpələrinin yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq zavodun istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və bununla da istehsal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir neçə dəfə artırılması nəzərdə tutulub".
Nazirliyin məlumatinda bildirilib ki, 2013-cü ildə Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. Belə ki, kürüdən kürüyə prinsipi qorunaraq zavodda saxlanılan və təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb.
Xatırladaq ki, Xəzər dənizində bioloji resursların ehtiyatlarının idarə olunması məqsədilə işlənib hazırlanmış Milli Proqramın fəaliyyət istiqamətinə uyğun olaraq ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi kimi 2003-cü ildə Dünya Bankı tərəfindən maliyyələşdirilən Təxirəsalınmaz Ekoloji İnvestisiyalar Layihəsi çərçivəsində nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması üçün Xıllı Nərə Balıqartırma zavodu tikilib istifadəyə verilib. Yeni balıqartırma zavodunun tikintisi hesabına Azərbaycan Xəzəryanı ölkələr sırasında nərə körpələrinin Xəzərə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncülüyü qazana bilib.