...

Alazan çayından qərbdəki Albaniya

Cəmiyyət Materials 17 Noyabr 2015 13:52 (UTC +04:00)
AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, “Orta əsrlər arxeologiyası” şöbəsi, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilov
Alazan çayından qərbdəki Albaniya

AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, "Orta əsrlər arxeologiyası" şöbəsi, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilov

Müasir dövrdə Azərbaycan Respublikasının sərhədləri beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır. Azərbaycan heç bir xarici dövlətə, o cümlədən, qonşularına qarşı ərazi iddiaları ilə çıxış etmir. Bu istiqamətdə soyuq düşüncə tərzinə malik olan hər bir vətəndaşın mövqeyi dövlətimizin mövqeyi ilə üst-üstə düşür. Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın öz iradələrinə zidd olaraq cəlb olunduqları hərbi-siyasi münaqişələr şəraitində bu dövlətlərin bir-birindən tarixi torpaqlarının qaytarılmasını tələb etməsi onların hər ikisi üçün həlli çətin olan böyük problemlər yarada bilər. Lakin sərhədlər məsələsi tarix elminin tədqiq etdiyi problemlər sırasına daxil olduğu üçün tarixin yeni səhifələri yazıldıqca hər zaman öz elmi aktuallığını qoruyub saxlamağa məhkumdur.

Tarixin keçmiş səhifələrini vərəqlədikcə müxtəlif dövlətlərin sərhədlərinin qeyri-sabitliyinin şahidi olursan. Bu baxımdan qədim dövlətlərimizdən biri olan Albaniyanın İberiya (qədim Gürcüstan) ilə sərhədlərinin dəyişkənliyi dinamikası böyük maraq doğurur. Məlumdur ki, hal-hazırda Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb hissəsi əsasən Alazan çayı boyunca keçir. Bu əzəldən belə idimi?

Qafqaz dövlətlərinin sərhədləri haqqında ilk məlumatı qədim yunan coğrafiyaçısı Strabon (e.ə. I - y.e. I əsrləri) verir. Qədim Roma imperiyasının e.ə. I əsrdə Qafqaza işğalçı yürüşlərində salnaməçi qismində iştirak etmiş tarixçilərin gündəliklərindən yararlanmış Strabon özünün "Coğrafiya" əsərində yazır ki, İberiyadan Albaniyaya keçid Alazan çayından qərbdə yerləşən Kambisena vilayətindədir və Albaniya ilə İberiya Kambisenada qonşudurlar. Strabon daha sonra belə bir məlumat verir ki, Araq (Araqvi) çayı Kür çayına töküldükdən sonra Kür dar bir vadidən Albaniyaya axır. Mütəxəssislər həmin dar vadinin indiki Tbilisi şəhərinin yerinə uyğun gəldiyi fikrindədirlər. Həqiqətən də, Gürcüstanın istənilən müasir fiziki coğrafiya xəritəsinə baxdıqda görmək olar ki, Kürün Araqvi çayını qəbul etdikdən sonra axdığı yeganə dar vadi həmin ərazidədir. VIII əsrin 30-cu illərində bu bölgədə Tiflis müsəlman əmirliyinin yaranması və XII əsrin əvvəlinə kimi mövcudluğu da təsadüfi hal deyildi. Beləliklə, aydın olur ki, e.ə. I əsrdə indiki Gürcüstanın bir hissəsi Albaniyaya məxsus idi. Həmin məlumatın xronoloji cəhətdən ilkinliyini nəzərə alsaq, bunu əzəli sərhədlər kimi qəbul etmək mümkündür. Digər qədim yunan coğrafiyaçısı Klavdiy Ptolemey (II əsr) özünün "Coğrafi təlimnamə" əsərində həmin sərhədlərin koordinatlarını verir. Bu zaman məlum olur ki, müasir Cənubi Osetiyanı (Gürcüstan) Şimali Osetiya (Rusiya) ilə əlaqələndirən və Klavdiy Ptolemeyin dövründə Sarmat qapıları adlanan keçidin koordinatları İberiya-Albaniya sərhədinin başlanğıc nöqtəsinin coğrafi koordinat-ları ilə üst-üstə düşür. Bu yalnız siyasi sərhədlər deyil, alban qəbilələrinin məs-kunlaşdığı ərazilər idi. Klavdiy Ptolemey Alazan çayından qərbdəki geniş hüdud-larda yerləşmiş alban yaşayış məntəqələrindən bəzilərinin adlarını çəkir: Taqoda, Bakriya (Bakxiya), Sanuya, Deqlana, Niqa. Hal-hazırda "alban" adı həmin torpaq-lardakı bir sıra toponimlərdə qorunub saxlanılmaqdadır. Bu yerlərdə alban arxe-oloji abidələri üzə çıxarılmışdır. Bu abidələrin albanlara məxsus olmasını onlardan aşkar edilən və erkən alban mədəniyyətinə xas olan, yüksək zövq və ustalıqla ha-zırlanmış keramika məmulatı təsdiq edir.

Antik dövrün Albaniya-İberiya sərhədləri ilk orta əsrlərdə müəyyən qədər dəyişikliyə uğrayır. Albaniya öz tarixi torpaqlarının bir hissəsini itirir. Doğrudur, sərhəd xətti yenə də Kambisenadan keçirdi, lakin bu zaman yalnız Kambisenanın orta əsr gürcü mənbələrində Ereti (H᾽ereti) adlanan hissəsi (Turdo və Alazan çayları arası) Albaniyanın ixtiyarında qalmışdı. Eretidə məskunlaşmış erlərin alban qəbilələrindən biri olması və onların yurdu Eretinin XI əsrədək Albaniyanın tərki-bində qalması hətta bir sıra gürcü alimləri (Q. V. Tsulaya, D. L. Musxelişvili) tərəfindən qəbul edilmiş müddəalardır.

İlk orta əsr sərhədlərini Albaniyanın Hnarakert qalasını və tarixi Xunan şə-hərini eyniləşdirməklə müasir Tovuz rayonu ərazisinə çəkmək cəhdləri artıq iflasa uğramışdır. Cənubi Qafqazın V-VIII əsrlərə aid mənbələri Hnarakerti İberiya-Al-baniya sərhədində ucalan bir qala kimi təqdim etmişlər. Xunan şəhəri isə Tovuz ra-yonu hüdudlarındakı Torpaqqala abidəsi ilə əlaqədardır. Xunanın Hnarakertlə eyniliyi heç bir yazılı mənbədə göstərilməmişdir. Xunanda (Torpaqqalada) ilk orta əsrlərə aid yaşayış izləri çox zəif qeydə alınmışdır. XI əsr gürcü tarixi mənbəyinin ("Kartli hökmdarlarının həyatı") qədim erməni dilinə tərcüməsində bir sıra yer ad-larının erməni variantları verildiyi halda həmin alban şəhəri gürcü dilində olduğu kimi qədim erməni dilində də Xunan adlandırılmışdır. Halbuki qədim ermənidilli mənbələrdə Albaniya-İberiya sərhədindəki qala Hnarakert adlandırılır. Bütün bu dəlillər Hnarakert və Xunanın ayrı-ayrı məntəqələr olduğunu təsdiq edir. Bu isə öz növbəsində onu göstərir ki, İberiya-Albaniya sərhədi ilk orta əsrlərdə Tovuz ra-yonunun içərilərinə kimi nüfuz edə bilməzdi. Mütəxəssislər Hnarakerti Xrami çayının Kürə qovuşduğu yer yaxınlığındakı Qız qalası ilə eyniləşdirirlər. Başqa sözlə desək, sərhəd qalası müasir Qazax rayonu ilə Gürcüstan arasında idi. Bu həm də o deməkdir ki, sərhədyanı Qazax rayonu ərazisindəki abidələr, o cümlədən, xristian məbədləri alban qəbilələrinə məxsus olmuşdur.

Eyni sözləri Ereti ərazisindəki ilk orta əsr xristian məbədləri haqqında da de-mək olar. Bunu sübut edən bir sıra dəlillər vardır. Məsələn, Saqareco rayonu ərazi-sində yerləşmiş məşhur Ninotsminda xristian məbədinin divarı üzərindəki 3 sətirlik naməlum yazını şərh edən görkəmli gürcü dilçi alimi A. Q. Şanidze həmin epiqra-fika nümunəsinin "gürcülər tərəfindən "her" adlandırılan, şərq tərəfdə gürcülərlə qonşuluqda məskunlaşaraq alban dövləti birliyi tərkibinə daxil olan xalqın dilində" yazıldığını bildirmişdir.

Eyni sözləri son vaxtlar adı tez-tez hallandırılan Kürmük məbədi (Qax ra-yonu) haqqında da demək olar. Kürmük çay adı iki hissədən ibarətdir: "kür" və "mük". Bu hidronimin hər iki komponenti tarixi yazılı mənbələrdə öz əksini tap-mışdır. Tədqiqatlar göstərir ki, "kür" sözü "dəlisov (coşqun)" mənasını verir. İkin-ci komponent olan "mük" qədim Azərbaycan tayfalarından biri olan müklərin (=miklərin, muqların) adını əks etdirir. Bu qəbilənin adı ilk dəfə qədim yunan mü-əllifi Miletli Hekatey (e.ə. VI-V əsrlər) tərəfindən xatırlanmışdır. "Kartli hökm-darlarının həyatı" XI əsrə aid gürcü yazılı mənbəyində bu tayfa movakan adlanır və göstərilir ki, Movakan ölkəsi Kiçik Alazan (Qabırrı, İori) çayının mənsəbindən başlayaraq dənizə (Xəzər) kimi uzanır. Ərəb tarixçisi Məsudi (X əsr) Movakanı nəzərdə tutaraq yazırdı ki, Mukaniyə hökmdarlığı Qəbələ hökmdarlığı ilə həm-sərhəddir və bu Mukaniyəni Kür çayından cənubdakı məşhur Muğanla eyni-ləşdirmək olmaz. Beləliklə, Kürmük çayının adı "Dəlisov (coşqun) Mük " çayı mənasını verir. Həmin çayın sahillərində ən qədim zamanlardan etibarən bizim əc-dadlarımızdan biri olan müklər yaşamış və Kürmük çayı sahillərindəki maddi mə-dəniyyət abidələri, o cümlədən, xristian məbədləri onların yaradıcılıq nümu-nələridir. Təsadüfi deyildir ki, "Kartli hökmdarlarının həyatı" XI əsr gürcü mən-bəyini rus dilinə çevirmiş gürcü müəllifi Q. V. Tsulaya movakanları alban qəbilələ-rindən biri kimi xarakterizə etmişdir.

Tarixin bizə təqdim etdiyi həqiqətlər bunlardır. Bu həqiqətləri müəyyən məqsədlərə çatmaq naminə başqa cür mənalandırmaq sərhədləri dəyişmək qədər çətin bir işdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti