...

“Qafqaz Albaniyasını öyrənirik” layihəsinin izləri ilə (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2016 14:57 (UTC +04:00)
“Qafqaz Albaniyasını öyrənirik” layihəsinin izləri ilə
“Qafqaz Albaniyasını öyrənirik” layihəsinin izləri ilə  (FOTO)

İmaş Hacıyev

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AMEA Memarlıq və İncəsənət İnstitutu “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikultralizm ili” elan etməsi Azərbaycan tarixinin erkən orta əsrlər dövrünün araşdırılması istiqamətində aparılan məqsədyönlü işləri daha da sürətləndirmişdir. Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə bir qrup alim və tələbə Azərbaycan multikulturalizminin ilkin qaynaqlarından olan Qafqaz Albaniyası dövrünə aid maddi-mədəniyyət abidələrinin öyrənilməsi və təbliği məqsədi ilə 14-16 oktyabr 2016 - cı il il tarixlərində Şəmkir və Ağstafa rayonlarına səfər etmişlər.

Bu elmi turda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – tarix elmləri doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilov, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, tarix üzrə fəlsəfə doktoru Elmira Cəfərova, tarix üzrə fəlsəfə doktoru Anar Ağalar-zadə, Memarlıq və İncəsənət institutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmaş Hacıyev iştirak etmişlər. Tədqiqatçı- alimlər sözügedən bölgələrdə təşkil edilən dəyirmi masalarda yerli ictimaiyyətin nümayəndələri, ziyalıları ilə görüşmüş, Azərbaycan multikultralizminin qədim və zəngin laylalından olan Alban abidələri ilə bağlı apardıqları araşdırmalar haqqında tədbir iştirakçılarına geniş məlumatlar vermişlər. Aparılan geniş fikir mübadiləsi əsasında bu və ya digər problemlər müzakirə olunmuş, perspektivdə görüləcək işlərə diqqət yetirilmişdir.

Daha sonra elmi turun iştirakçıları yerli ictimaiyyət nümayəndələri ilə birgə Azərbaycan Respublikası Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında Şəmkirçayın sol sahillində yerləşən, Qafqaz Albaniyasının qədim şəhərlərindən olan Şəmkir şəhərinin xarabalıqlarına ekskursiya etmiş və bu səyahətə bələdçilik edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tarix Dostiyev elmi tur iştirakçılarının diqqətinə belə bir reallığı çatdırmışdır ki, Şəmkir orta əsrlərdə Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olmuş, Ərəb yürüşləri dövründə, yəni VII əsrin ortalarında özünün yüksəliş dövrünü yaşamış, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşamış, lakin Şəmkir şəhərinin inkişaf ahəngini monqol işğalı pozmuş və 1236-cı ildə şəhəri ələ keçirən müdaxiləçilər onu xarabazara çevirmişlər.

Şəmkir şəhərinin xarabalıqlarının ziyarətindən sonra elmi tur iştirakçıları Ağstafa rayonuna gəlmiş və Ağstafa şəhərindəki Yazıçılar Evində R. İlyasovun moderatorluğu ilə keçirilən dəyirmi masada Azərbaycan Respublikasının millətlərarası, multikultralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikultralizminin ədəbi-bədii qaynaqları” kitabının və 2016-cı il I saylı “Multikultralizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı olmuşdur. Bu tədbirdə, eyni zamanda dos.İ. Hacıyev Azərbaycan multikultralizminin qədim laylarından olan Alban abidələri və xristian mədəniyyətinin oyrənilməsi istiqamətində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində apardığı araşdırmaların nəticələri haqqında məlumat verərək göstərmişdir ki, Azərbaycanın qədim və zəngin tarixə malik olan bölgələrindən biri də Ağstafa rayonudur. Bu rayonda müxtəlif tarixi dövrlər üzrə ümumilikdə 40-a yaxın abidə qeydə alınmışdır.

Gürcüstanla sərhəddə Ceyrançöl adlanan ərazidə qumsal dağların qayalıqları üzərində, gediş-gəliş üçün o qədər də əlverişli olmayan bir yerdə yerləşən Keşikçiqala və onun ətrafındakı freskalarla zəngin mağara-məbədlər kompleksi məhz bu rayonun ərazisindədir. Bir müddət bu ərazi qonşu dövlətlə süni mübahisə mövzusuna çevrilərək, əsassız söz-söhbətlərə səbəb olmuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məkanda tarixi - etnoqrafik mahiyyət daşıyan zəngin maddi mədəniyyət abidələrinin əhəmiyyətini nəzərə alaraq, 2005-ci ilin oktyabr ayının 12-də əraziyə səfər etmiş, abidələrlə yerindəcə əyani şəkildə tanış olmuşdur.Cənab Prezident buradakı maddi-mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliğ edilməsi məqsədilə 2563 saylı sərəncamla 19 dekabr 2007-ci ildən etibarən həmin ərazini “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan etmişdir. Bu vaxtdan etibarən qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərdən biri ölkə Prezidentinin şərəfinə "İlham Əliyev adına zirvə" adlandırılmışdır.

Məlumdur ki, Qafqaz Albaniyası Qafqazda ən qədim kilsələrdən biri olan Alban Apostol kilsəsinə malik olmuşdur. Qeyd etmək lazımdır ki, ölkədə ilk xristian icmaları IV əsrə qədər, yəni xristianlığın dövlət dininə çevrilməsindən daha əvvəl yaranmışdı. Eramızın ilk əsrlərində Qüdsdən, Suriyadan gəlmiş xristian missionerlər–apostollar (həvarilər) ilk xristian icmalarını yaratmış və V-VIII əsrlərdə Qafqaz Albaniyasında 12 yepiskopluq fəaliyyət göstərmişdi. İslam dininin Azərbaycanda yayılması ilə əlaqədar, təbii ki, xristianlıq tədricən zəifləmiş, tədqiqatçıların qənaətinə görə, məhz islamın yayıldığı dövrdə mağara-məbədlər albanların özlərini və dinlərini mühafizə etmək üçün sığınacağa çevrilmişdilər. Müxtəlif dövrlərdə bu ərazidə kütləvi yaşayışın olmasını da istisna etmək olmaz. XVIII -XIX əsrlərdə Azərbaycanda xristianlığın daha da zəifləməsi ilə əlaqədar məbədlər xarabalığa çevrilməyə başlayır, bu proses İmperator I Nikolayın 11 mart 1836 -cı il Fərmanı ilə daha da sürətlənir. Belə ki, bu Fərmanı əsas götürən Senat 10 aprel 1836-cı il tarixli qərarla və Peterburq Müqəddəs Sinodunun icraçılığı ilə Alban Apostol kilsəsini erməni-qriqorian kilsəsinin tabeçiliyinə verir və beləliklə, mövcud olan Alban Apostol kilsəsinin müstəqil fəaliyyətinə son qoyulur, ölkənin xristian əhalisi öz kilsəsindən məhrum olur. Bu zaman gürcü rahibləri vaxtilə alban rahiblərinin sitayiş yeri olan mağara-məbədlər kompleksində yerləşir və “İncil”dən götürülmüş müxtəlif mövzular əsasında xristian dininin təbliği məqsədilə freskaların yaradılmasını təşkil edirlər. Məhz həmin dövrdən etibarən gürcü rahibləri mağara - məbədlərdə böyük səylə təbliğat və bədii tərtibat işlərinə sürətləndirməklə, tarixi həqiqətləri təhrif edirlər. Bu freskaları əsas götürərək, gürcü mənbələri indiki Gürcüstan ərazisində olan monastır kompleksindəki freskaların, həmçinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində mağara-məbədlərdəki freskaların yaranma tarixini daha əvvəlki dövrlərə aid edirlər. Əlbəttə ki, bu absurd fikir Azərbaycan mütəxəssisləri tərəfindən qəbul edilə bilməz.

Hazırda qoruğun ərazisində mövcud olan mağara-məbədlərin interyeri freskalarla kifayət qədər zəngindir. Mağara-məbədlər kompleksində apardığımız ciddi tədqiqat işlərinin nəticələrinə əsasən deyə bilərik ki, bu mağara-məbədlərdə freskaların işlənilmə tarixi XIX əsrin birinci yarısına aid edilə bilər. Onu da diqqətə çatdırmaq lazımdır ki, həmin freskalardakı yazı nümunələri gürcü əlifbasına əsaslanır və XIX əsrin ikinci otuzilliyində gürcü rahiblərin bu məkanda apardığı xristianlığın təbliği ilə bağlıdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, freskalar işləndiyi dövrün realist təsvir metodunun ifadəsi olaraq, divar boyakarlığının əyani nümunəsi baxımından maraqlı və qiymətlidir və ümumilikdə həmin obyektlərdəki xristian mədəniyyətinin, incəsənətinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri olan, “Keşikçidağ” qoruğundakı maddi-mədəniyyət abidələri, təbii fiziki təsirlərə məruz qalmalarına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlaya bilmişlər.

Düşünürük ki, bu cür abidələr müasir şəraitdə sivil dünyamızda beynəlxalq turizm sahəsinin diqqətini cəlb etməklə, bu məkana kütləvi turist ekskursiyalarının təşkil edilməsinə zəmin yaradacaq və bu kontekstdə arxeoturizmin inkişafına geniş yer veriləcəkdir. Layihə çərçivəsində gənc nəslin – tələbələrin, magistr və doktorantların ölkəmizin tarixi və coğrafiyası, müxtəlif dövrlərin mədəniyyətlərinə məxsus maddi-mədəniyyət abidələri ilə əyani şəkildə tanış olmaları və məlumatlanmaları elmi-təcrübi mahiyyət daşıyan Şəmkir-Ağstafa turunun ən mühüm cəhətlərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Azərbaycan tarixinin antik və erkən orta əsrlər dövrünü əhatə edən Qafqaz Albaniyasına dair aparılan bu işlərin daha qlobal müstəvidə inkişaf etdirilməsi, respublikada multikultural əhəmiyyət kəsb edən ümumbəşəri dəyərlərinin beynəlxalq arenada öyrənilməsi və təbliğinə zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti