Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı öz işinə başlayıb.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, Azərbaycanı toplantıda Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təmsil edir.
Ə.Amaşov rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair məruzə səsləndirib. O, çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, iştirakçıları bununla bağlı statistik göstəricilərlə məlumatlandırıb. Ə.Amaşov özünütənzimləməsi prosesində meydana çıxan problemli cəhətlər barədə də danışıb. Mövcud xüsusda internet media vasitələrinin hüquqi statusunun müəyyənləşdirilməmiş qalmasının gətirdiyi fəsadlara diqqət çəkib, oxşar çətinliklərin alyansa üzv digər dövlətlər üçün də aktuallığını qabardaraq bununla əlaqədar mətbuat şuraları üçün vahid modelinin tətbiqinin zəruriliyini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü Y.Məmmədlinin çıxışı sosial media kontekstində trollar mövzusunda olub. Y.Məmmədli mövcud sahədə Azərbaycandakı durumla əlaqədar məlumat verib. O, həmçinin sosial şəbəkələrdə saxta profil məsələnin söz və ifadə azadlığını təhdid edən, bu azadlıqlardan sui-istifadə predmeti daşıyan mahiyyətinə diqqət yetirib.
Ə.Amaşov və Y.Məmmədli Tbilisidə həmçinin Şərq Tərəfdaşlığı Ölkələrinin Medianın Özünütənzimləmə Şəbəkəsinin illik toplantısında da iştirak ediblər. Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Ermənistanın medianın özünütənzimləmə qurumlarının yer aldıqları şəbəkənin tədbirində Avropa Biriliyi, Avropa Şurası və digər nufuzlu beynəlxalq təşkilatların media siyasəti məsələlərinə toxunulub. Toplantıda həmçinin onlayn medianın cəmiyyət həyatındakı rolu, ictimai fikrin formalaşmasında sosial şəbəkələrin daşıdıqları funksiya, mövcud sahədəki xoşagəlməz tendensiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.