Bakı. İlhamə İsabalayeva - Trend:
Orta məktəbin “Qarabağ tarixi” və “Azərbaycan tarixi” dərsliyinə çox qısa zaman ərzində Qarabağın işğaldan azad olunması uğrunda gedən son haqlı mübarizə - sentyabrın 27-dən başlayan Vətən Müharibəsi də daxil edilməlidir.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu “Ermənişünaslıq” şöbəsinin müdiri, “Qarabağ tarixi”nin müəlliflərindən olan tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Dərslik müəllifi 7-ci siniflərin istifadə etdiyi ‘‘Qarabağ tarixi’’nin sonuncu dəfə 2019-cu ildə nəşr edildiyini, lakin onun yenidən yenilənməsinə ehtiyacın olduğunu söyləyib.
Q.Hacıyevin sözlərinə görə, ‘‘Qarabağ tarixi’’ dərsliyinə Qarabağ toponimi, Qarabağın ərazisi, təbii-coğrafi şəraiti, zəngin maddi-mədəniyyət abidələri, Qarabağın qədim türk etnoslarının vətəni olması, müxtəlif dövrlərdə Qarabağdakı siyasi, sosial-iqtisadi vəziyyət, Qarabağa ermənilərin köçürülməsi, ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar, deportasiya və soyqırımları, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğalı, Xocalı soyqırımı, eləcə də 2016-cı il Aprel döyüşləri, Lələtəpənin azad edilməsi, Cocuq Məcanlının azad edilib abadlaşdırılması ilə yanaşı, Ermənistan hərbi qüvvələrinin işğal etdiyi ərazilərimizin azad edilməsi və onların öz tarixi adlarının qaytarılması kimi tarixi məsələlər əksini tapmalıdır.
Tarixçi hesab edir ki, Azərbaycanın ümumtəhsil məktəblərində 2014-cü ildən etibarən tədris olunan ‘‘Qarabağ tarixi’’nin ümumtəhsil məktəblərində öyrədilməsinin əhəmiyyətli olması özünü doğruldub.
Q.Hacıyevin fikrincə, bəzi şəxslərin ‘‘Qarabağ tarixi’’nin “Azərbaycan tarixi” fənni çərçivəsində keçirilməsi ilə bağlı fikirlərinin də düzgün olmadığını söyləyib.
O bildirib ki, hazırda “Azərbaycan tarixi” dərsliyində Qarabağla bağlı məlumatlar bir neçə mövzunu əhatə edir. “Qarabağ tarixi” dərsliyində isə bu məlumatlar daha geniş təqdim edilib.
Tarixçi qeyd edib ki, indiki dövrdə şagirdlərimiz Qarabağın tarixini daha dərindən öyrənməlidirlər. Buna görə də “Qarabağ tarixi”nin “Azərbaycan tarixi” çərçivəsində öyrənilməsi düzgün olmaz