Bakı. Trend:
Bakıda qadın şahmatçılar arasında Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Trend xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra monitorda qadınlar arasında yarışa həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ardınca çıxış edən Mahir Məmmədov bu cür yarışı qəbul etməkdən qürur duyduqlarını bildirib. O qeyd edib ki, Bakı gələcəkdə də bu cür nüfuzlu yarışlara ev sahibliyi edəcək. İştirakçılara minnətdarlığını bildirən federasiya prezidenti Dünya Kubokunun qalibi olan Aleksandra Qoryaçkinanı qələbə münasibətilə təbrik edib. Mahir Məmmədov deyib ki, şahmatın Azərbaycanda bu dərəcədə populyar olması və sevilməsi birbaşa ölkə rəhbərliyinin idmanla bağlı uğurlu siyasətinin nəticəsidir.
Daha sonra söz FIDE prezidenti Arkadi Dvorkoviçə verilib. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkür edən Dvorkoviç xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb.
Ardınca qaliblərə mükafatlar təqdim olunub. Ukraynalı Anna Muziçuka bürünc, bolqarıstanlı Nurgül Salimovaya gümüş, yarışın qalibi rusiyalı Anna Qoryaçkinaya isə qızıl medal və Dünya Kuboku verilib. Mükafatları Mahir Məmmədov, Arkadi Dvorkoviç və Fərid Qayıbov təqdim ediblər. Qalib şahmatçının şərəfinə FIDE-nin rəsmi himni səsləndirilib.
Sonda Arkadi Dvorkoviç qadınlar arasında Dünya Kuboku yarışını bağlı elan edib.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.