...

Xaçmazda Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunur (FOTO)

Cəmiyyət Materials 14 Mart 2024 12:00 (UTC +04:00)

Bakı. Trend:

Novruz bayramı ərəfəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri ziyarət olunur, qəhrəmanlarımız ehtiramla anılır. Növbəti belə görüş Köhnə Xudat kəndində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Devid Cəlilov və Xanbaba Məmmədovun ailəsində reallaşıb.

Elnur Rzayev şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik edərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

Novruz tonqalının qəhrəman şəhidlərimiz və igid oğullarımız sayəsində artıq dördüncü ildir işğaldan azad olunmuş torpaqlarımızda da şölələndiyini vurğulayıb. Bildirib ki, bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik.

Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər isə övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini deyiblər. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti