Bakı. Trend:
Azərbaycan Konstitusiyası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb. Bu, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasıdır. Bu sənədin qəbulu böyük tarixi nailiyyətdir, dövlətimizin inkişafında böyük mərhələnin başlanğıcı olub.
Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri və “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda çıxışı zamanı deyib.
Fərəh Əliyeva bildirib ki, Konstitusiya ilə vətəndaşlara xeyli hüquqlar verilib, bununla yanaşı onların vəzifələri də göstərilib:
“Çünki dövlət mücərrəd anlayış deyil. Dövlət bir millətin, vətənin, xalqın inkişafı, siyasi stabilliyi, sosial, iqtisadi inkişafını təmin edən vasitədir. Bu dövləti də quran insanlardır, cəmiyyətin üzvləridir. Bu insanların hesabına dövlət qurulur, müdafiə olunur, inkişaf edir. “Yüksəliş” ailəsi də dövlət quruculuğunda hərə öz imkanları daxilində, səlahiyyətləri çərçivəsində iştirak edən insanlardan ibarətdir. Biz bu müsaqibə nəticəsində onlarla daha yaxından tanış olmaq, onları bugünkü ictimai həyata daha yaxın inteqrasiya etmək imkanı qazanmışıq”.
Şöbə müdiri 2023-cü ildə Azərbaycan suverenliyinin tam bərpa olunduğunu xatırladıb:
“Prezident İlham Əliyev daim deyirdi ki, Qarabağı yeni, gənc nəsil işğaldan azad etdi. Bu nəsil konstitiusion hüquqlarını bilməklə yanaşı, milli mənliyində, təfəkküründə vətəni qorumaq, suverenliyi qorumaq kimi böyük qayələri yerləşdirən, öz dünya görüşünün ayrılmaz parçasına çevirən, hüquqları kimi vəzifələrini də tələb edən bir nəsil oldu”.