Bakı. Trend:
“Sumqayıtda azarkeş dəstəyi çox gözəl idi. Rəqib meydanda təzyiq yaratmaq istəyirdi.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
O, “Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"a (Macarıstan) 1:2 hesabı ilə məğlub olduğu oyunu şərh edib. “Gənclik şəhəri”ndə görüşü stadiondan izləyən Əsədov bildirib ki, Azərbaycan təmsilçisi qarşılaşmaya yaxşı başlasa da, yekun yaxşı alınmayıb: “İnamlı start sayəsində qol da vurduq. Ardınca qırmızı vərəqə isə matçın tempini dəyişdi, rəqibin hücumları getdikcə artdı. "Fehervar" xüsusilə sağ cinahda aktiv oynayırdı. Təbii ki, komanda azlıqda qalandan sonra fiziki göstəricilər mühüm önəm daşıyır. Hansıki, “Sumqayıt” hazırda bu cəhətdən optimal formada deyil. Çünki hələ çempionatın əvvəlidir. Bu səbəbdən də 10 nəfərlə 60 dəqiqə azlıqda oynamaq çox çətindir. Buna görə də rəqib üstünlüyü ələ aldı və qələbə qazandı”.
Əsədov bildirib ki, "Sumqayıt" heç də "Fehervar"dan zəif deyil və cavab oyunda mərhələ adlamaq şansı var: “Ruhdan düşməmək lazımdır. Komanda səfərdə sərfəli nəticə əldə edib, cütün taleyini həll edə bilər. Sadəcə "Sumqayıt"da bu gün problem mərkəz müdafiəçisinin olmamasıdır. Bu, oyunda da özünü büruzə verirdi. Yəqin ki, alternativ variant olmadığı üçün Səbuhi Abdullazadəni məcburiyyətdən həmin mövqedə oynatdı. Qarşılaşmanın ən yaxşılarından biri də elə o idi. Səbuhi də müdafiəyə çəkiləndən sonra mərkəzdə problemlər yaranırdı və komandamızda top qalmırdı”.
Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" matçı iyulun 31-də baş tutacaq.