Bakı. Trend:
Son 20 ildə Azərbaycanda elektrik enerjisinin idxalı 17 dəfə azalıb, ixracı isə 3 dəfədən çox artıb.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37 % artaraq ötən il 29 milyard 004,3 milyon kVt/saat olub:
“Elektrik enerjisinin ixracı 2022-ci ildə 2 milyard 997,5 milyon kVt/saat olub ki, bu da 2003-cü illə müqayisədə 2 milyard 126,8 milyon kVt/saat çoxdur. Həmçinin idxal 2003-cü ildəki 2 milyard 436,3 milyon kVt/saatlıq göstəricidən ötən il 137,2 milyon kVt/saata qədər azalıb”.
P.Şahbazov qeyd edib ki, 20 il ərzində generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib:
“Belə ki, hazırda ümumi gücü 29 min 256,5 MVA olan 110-500 kV-luq 368 yarımstansiya istismardadır. Həmçinin, Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndirilməsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həyata keçirilir”.
Nazir deyib ki, 2023-cü ilin sonuna 29 milyard kVt/saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, hazırda ölkədə 78 stansiya fəaliyyət göstərir, bunlardan 22-si istilik elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir.