Azərbaycan, Bakı, 30 sentyabr / Trend /
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda korporativ idarəetmə sahəsində Standart və Normalara dair Hesabat (ROSC) hazırlayır. Bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatında deyilir.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin Dünya Bankının özəl sektorun inkişafı üzrə eksperti David Robinet ilə görüşündə ROSC-un hazırlanması məsələləri və bu sahədə birgə Fəaliyyət Planına dair əməkdaşlıq imkanları müzakirə edilib.
QKDK-nin sədri Rüfət Aslanlı ROSC hesabatının ölkəmizdə korporativ idarəetmə mədəniyyətinin formalaşmasında əhəmiyyətini qeyd edərək, hesabata dair QKDK-nın təkliflərini Dünya Bankının nümayəndəsinə təqdim edib və sözügedən hesabatda qeyd edilən məsələlərin həlli istiqamətində birgə fəaliyyətə dair QKDK-nın hərtərəfli dəstək göstərilməsinə hazır olduğunu bildirib.
Azərbaycan üçün hazırlanmış ROSC hesabatının Korporativ İdarəetmə üzrə Qlobal Forumun tərkib hissəsi olduğunu qeyd edən David Robinet eyni hesabatların Dünya Bankı tərəfindən dünyanın 70-ə yaxın ölkəsində həyata keçirildiyini bildirib.