...

Bakı Metropoliteni yeni metro stansiyalarının tikintisi çərçivəsində fəal işlər aparır – Metropliten rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2010 15:17 (UTC +04:00)
Bakı Metropoliteni 2011-ci ildə "Azadlıq prospekti" stansiyasından sonra gələcək yeni stansiyanın tikintisini planlaşdırır. Bu barədə Bakı Metropliteninin rəhbəri Tağı Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas zamanı deyib.
Bakı Metropoliteni yeni metro stansiyalarının tikintisi çərçivəsində fəal işlər aparır – Metropliten rəhbəri

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bakı Metropoliteni 2011-ci ildə "Azadlıq prospekti" stansiyasından sonra gələcək yeni stansiyanın tikintisini planlaşdırır. Bu barədə Bakı Metropliteninin rəhbəri Tağı Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas zamanı deyib. Xəbəri cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hazırda metropolitenin şimal sahəsinə daxil olan altıncı stansiyada və "Dərnəgül" deposunda inşaat işləri aparılır. Yaşıl xəttin davamı olaraq, həmin stansiyanın 2011-ci ildə istismara verilməsi nəzərdə tutulub", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da inşaat işləri sürətlə davam etdirilir. Bu stansiyalar arasında hərəkət təşkil etməklə sərnişinlərin "Memar Əcəmi-2" stansiyasından mövcud xətlərə keçmələri təmin olunacaq.

Buna qədər "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı"nın hazırlanması üzrə işlər başa çatdırılıb.

"Perspektiv inkişaf sxeminin texniki-iqtisadi əsaslandırma işlərini yerinə yetirmək üçün tender keçirilib, nəticədə metro tikintisi sahəsində böyük təcrübəyə malik, beynəlxalq miqyasda tanınmış Fransanın SYSTRA, İngiltərənin "Mott MacDonald" və Cənubi Koreyanın "Saman" şirkətlərinin iştirakı ilə Beynəlxalq Konsorsium yaradılıb", - Əhmədov qeyd edib.

"Konsorsium tərəfindən Bakı şəhərinin yeraltı nəqliyyat şəbəkəsinin beynəlxalq standartlara uyğun ictimai nəqliyyat sistemi səviyyəsində inkişaf etdirilməsi məqsədi ilə metropoliten xətlərinin perspektiv sxemi hazırlanıb. Bu işlərin icrası zamanı həmin xətlərin genişləndirilmiş şəbəkəsinin və ən münasib perspektiv sxemin tətbiq olunması üçün müfəssəl sosial-iqtisadi təhlillər aparılıb, ictimai nəqliyyat üzrə sərnişinlər arasında sorğu keçirilib", - Əhmədov vurğulayıb.

Bakı Metropliteni rəhbərinin sözlərinə görə, sorğu nəticəsində sərnişinlərin ictimai nəqliyyata tələbatı, eləcə də gediş-gəlişin orta məsafəsi, səbəbi və tezliyi müəyyən edilib. Sosial araşdırmalar üzrə hesabatlarda ehtiyat nəzərə alınmaqla, Bakı əhalisinin illik artım tempi 2,5 faiz götürülüb. Təhlillər zamanı bu meyarlar nəzərə alınıb: ictimai nəqliyyat üzrə əvvəlki təhlillər; şəhərsalma planları; şəhərin iqtisadi inkişaf istiqamətləri; torpaq sahələrindən istifadə etmə amilləri; hərəkət intensivliyini yaradan mərkəzlərin (təhsil, səhiyyə, mədəniyyət ocaqları, nəqliyyat qovşaqları, stadionlar və s.) əsas rolu.

"Perspektiv inkişaf sxeminin texniki-iqtisadi əsaslandırma işləri zamanı stansiyaların uzunluğu 7 vaqon üçün 140 metr, gələcəkdə tunellərin uzunmüddətli istismarını təmin etmək məqsədi ilə xarici diametr 6 metr götürülüb", - Əhmədov əlavə edib.

Onun sözlərinə görə, hazırda metropolitendə günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min nəfər sərnişin daşınır. Beynəlxalq Konsorsium tərəfindən aparılmış araşdırmalara əsasən müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər. Təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadratmetrində 6 nəfər sərnişin daşınmalıdır. Hazırda Bakı Metropoliteninin vaqonlarında günün gur saatlarında 1 kvadratmetrdə 8-10 nəfər sərnişin daşınır.
Aparılmış təhlillərə əsasən, Beynəlxalq Konsorsium tərəfindən perspektiv sxem üzrə hazırlanmış 14 potensial variantdan 4 variant seçilib.

Təqdim olunmuş uzunmüddətli perspektiv inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr metro xəttindən ibarət olacaqdır. Yəni 53 yeni stansiyanın və 84,3 kilometr metro xəttinin inşası nəzərdə tutulur. Həmçinin, təqdim olunmuş variantda yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində sərnişin nəqliyyatının digər növləri, multifunksional nəqliyyat kompleksi ilə inteqrasiya və uzlaşdırma məsələləri də nəzərə alınıb.

İlk növbədə, qərb və şərq hissələrin tikintisi, artıq mövcud iki xəttin genişləndirilməsi nəzərdə tutulur.

Əhmədovun dediyinə görə, metronun perspektiv inkişafı üçün prioritet istiqamətlər nəzərdə tutulub. Birinci prioritet istiqamət: buraxılış kompleksi ("Avtovağzal" - "Memar Əcəmi-2" - B3 - B4 - B5) 5 stansiya, 6,8 kilometr metro xəttindən ibarətdir. Bu istiqamət Yeni Avtovağzal kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edir. Hərəkətin intensivliyi saatda 45 qatar nəzərdə tutulur. Hazırda bizdə bu intensivlik 30 qatar/saatdır. Bu istiqamətdə 6,8 kilometr metro xəttinin tikintisi və vaqon parkının yenilənməsi üçün 550 milyon manat vəsaitin lazım olacağı ehtimal edilir.

İkinci prioritet istiqamət: Bu buraxılış kompleksi (VI stansiya - Y-3 - Böyükşor - M.Əzizbəyov-2 - Sabunçu - Bakıxanov - Y-22 - Qaraçuxur - Yeni Günəşli - bunlar yaşayış məntəqələrinin adlarıdır) 8 stansiyadan və 12,5 kilometr metro xəttindən ibarət olacaq. Bu istiqamətdə hərəsi 5 vaqondan 33 qatar heyəti işləyərsə, 165 vaqon lazım gələcək. Hərəkət intensivliyi isə yenə də 45 qatar/saat olacaq.

Üçüncü prioritet istiqamət (H.Aslanov - Zığ şosesi - Hərbi Akademiya) 2 stansiyadan, 3,7 kilometr metro xəttindən ibarət olacaqdır. Vaqon parkı 11 qatar heyəti olmaqla 55 vaqon, hərəkət intensivliyi yenə də 45 qatar/saat, ehtimal olunan vəsait xərcləri isə 296 milyon manat nəzərdə tutulur.

"Əlbəttə, bu rəqəm işlərin gedişi zamanı qarşıya çıxacaq bəzi məsələlərlə bağlı dəyişə də bilər", - Əhmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti