Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Əliyev/
Gürcüstan 2014-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 113,19 milyon dollar dəyərində məhsul idxal edib. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin xarici ticarət haqqında hesabatında bildirilir.
Hesabata əsasən, Azərbaycandan Gürcüstana idxalın həcmi qeyd il ərzində 15,49 faiz artıb. Müqayisə üçün: 2013-cü ilin yanvar-fevral aylarında Gürcüstan 98,01 milyon dollar məbləğində Azərbaycan məhsulu idxal edib.
Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr siyahısında ikinci yeri tutur. Ölkəyə gətirilən malların ümumi həcmində Azərbaycan idxalının xüsusi çəkisi 10 faiz təşkil edir.
Gürcüstan daha çox Türkiyədən məhsul idxal edir. 2014-cü ilin ilk 2 ayında Gürcüstan Türkiyədən 191,98 milyon dollar dəyərində (və ya idxalın ümumi həcminin 17 faizi) məhsul idxal edib.
Ümumilikdə 2013-cü ildə Gürcüstana 1,13 miyard dollar həcmində məhsul idxal olunub ki, bu da 2012-ci illə müqayisədə 15,49 faiz çoxdur.