...

Bakı funikulyoru ilə bağlı yeni layihə hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /müx. "TrendLife" F.Sadıxov

Bakı funikulyoru bir neçə gündür işləmir. "TrendLife"a məlum olub ki, funikulyorun yerləşdiyi ərazidə hazırda təmir-bərpa işləri aparılır.

Yeri gəlmişkən, Bakı funikulyorunun fəaliyyəti ilə bağlı yeni layihə hazırlanmaqdadır. Bu barədə Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov bizimlə söhbətində bildirib. Məqsəd "dağüstü nəqliyyat vasitəsi"nin işini canlandırmaq, həm yerli sakinlərin, həm də şəhərimizə gələn əcnəbilərin, o cümlədən turistlərin diqqətini bura yönəltməkdir.

Funikulyor gəlirlə işləmir

Xatırladaq ki, 1960-cı ilin mayında istifadəyə verilən Bakı funikulyoru 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən sıradan çıxmış və bağlanmışdı. Bu nəqliyyat vasitəsinin ikinci dəfə işə salınması Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun zəhməti sayəsində mümkün oldu. On ildən artıq işləməyən və paytaxt sakinlərinin yadından tamamilə çıxmış funikulyor əsaslı təmirdən sonra 2001-ci il dekabrın 31-də yenidən istifadəyə verildi. Lakin bu "dağüstü nəqliyyat vasitəsi" hələ də keçmiş şöhrətini özünə qaytara bilmir. Yalnız bayram günləri onun xidmətindən istifadə edənlər bir qədər çox olur, adi günlərdlə isə bura tək-tük adam gəlir. Bir sözlə, funikulyor gəlirlə işləyə bilmir.

Qeyd edək ki, funikulyorun dəmir yol xəttinin uzunluğu 455 metr, vaqonlarının sayı isə ikidir. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edir və saatda orta hesabla 2 min sərnişin daşımaq imkanına malikdir. Yaşlı nəslin dediyinə görə, 60-cı illərin əvvəllərində Bakıda belə bir nəqliyyt vasitəsinin istifadəyə verilməsi keçmiş Sovet İttifaqına əməlli-başlı səs salıbmış.

Hazırda MDB məkanında Bakıdan başqa, Soçi, Nijni Novqorod, Kiyev, Tbilisi, Kanuas, Odessa və Vladivostok şəhərlərində funikulyor var.

Bizdə heç vaxt qəza olmayıb

Onu da qeyd edək ki, nə qədər ekzotik və "tısbağa sürətli" olsa da, başqa nəqliyyat vasitələri kimi bəzən funikulyorlar da qəzalarla üzləşirlər. Maraqlıdır ki, indiyədək dünyanın müxtəlif ölkələrində işləyən funikulyorlarda baş verən qəzaların hamısı 2000-ci ilə təsadüf edir. Ən böyük qəza 2000-ci ilin noyabrında bu nəqliyyat vasitəsinin ilk dəfə işə salındığı ölkədə - Avstriyada olub. Alp dağlarına doğru 4 km-lik məsafəni qət edən funikulyor mənzilbaşına 600 metr qalmış yanıb. Nəticədə dağ kurortlarında istirahət edən 170 turist həlak olub. Elə həmin il Tbilisi funikulyorunda da qəza baş verib. Aşağı stansiyadan cəmi 15 metr aralanan vaqon relsdən çıxaraq hasara dəyib. Nəticədə funikulyorla şəhərin gözəlliyinə tamaşa etmək istəyən 20 yapon turistindən 8-i xəstəxanaya çatdırılıb.

Digər bədbəxt hadisə 2000-ci ilin noyabrında Kiyev funikulyorunda baş verib. Yüksəkliyə qalxan vaqon qəflətən dayanıb. Dərhal görülən tədbirlər nəticəsində sərnişinlərin hamısı sağ-salamat xilas edilib. Həmin ilin fevralında Odessada 61 yaşlı sərnişin funikulyorun şaxtasına düşərək həlak olub. Xoşbəxtlikdən fəaliyyət göstərdiyi müddət ərzində Bakı funikulyorunda heç vaxt qəza baş verməyib.

Xəbər lenti

Xəbər lenti