...

Azərbaycan Aİ üçün əsas tərəfdaşdır - Avropa Komissiyasının rəhbəri

Energetika Materials 12 Yanvar 2011 11:47 (UTC +04:00)
"Biz uzunmüddətli təhlükəsizliyin və Avropada enerji resurslarının nəqlinin şaxələndirilməsinin təmin olunmasında maraqlıyıq. Ona görə də mən Xəzər regionundan bilavasitə avropalı istehlakçılara qaz çatdıracaq "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üçün hər cür səy göstərmək fikrindəyəm", - Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu yanvarın 13-də Azərbaycana səfəri ərəfəsində bildirib.
Azərbaycan Aİ üçün əsas tərəfdaşdır - Avropa Komissiyasının rəhbəri

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

"Biz uzunmüddətli təhlükəsizliyin və Avropada enerji resurslarının nəqlinin şaxələndirilməsinin təmin olunmasında maraqlıyıq. Ona görə də mən Xəzər regionundan bilavasitə avropalı istehlakçılara qaz çatdıracaq "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üçün hər cür səy göstərmək fikrindəyəm", - Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu yanvarın 13-də Azərbaycana səfəri ərəfəsində bildirib.

"Əminəm ki, birlikdə bu strateji təşəbbüsü həyata keçirmək üçün zəruri şərait yarada bilərik", - Barrozu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa İttifaqı üçün əsas tərəfdaşlardır və Aİ bu ölkələrlə münasibətlərin dərinləşdirilməsini mühüm vəzifə hesab edir.

Yanvarın 13-də Bakıya səfər çərçivəsində Avropa Komissiyasının rəhbəri və Prezident İlham Əliyevin "Cənub dəhlizi"nin yaradılması barədə birgə bəyannamə imzalayacaqları gözlənilir. Eləcə də Azərbaycanda siyasi və iqtisadi islahatların dəstəklənməsi üzrə "Modernləşmək üçün tərəfdaşlıq" Aİ-Azərbaycan bəyannaməsinin razılaşdırılması planlaşdırılır.

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu energetika üzrə komissar Günter Ettingerin müşayiətilə yanvarın 13-15-də Azərbaycana və Türkmənistana səfər edəcək.

Hazırda Azərbaycan və Türkmənistan Avropaya enerji nəqlinin şaxələndirilməsi və Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan "Cənub enerji dəhlizi" çərçivəsində əsas qaz tədarükçülərindən biri kimi nəzərdə tutulur.

"Cənub enerji dəhlizi"ndən bir neçə potensial ixrac marşrutu, o cümlədən "Nabukko", İTGİ, "Transadriatik qaz kəməri" (TAP) və "White Stream" keçir.

Azərbaycan qazının Avropaya ixracına 2017-ci ildən sonra - "Şahdəniz" yatağının tammiqyaslı işlənməsinə start verildikdən sonra (yatağın işlənməsini ikinci mərhələsində) başlanacaq. Avropaya nəql olunacaq Azərbaycan qazının həcmi ildə 10 milyard kubmetr səviyyəsində qiymətləndirilir. Türkmənistandan Avropaya qaz nəqli haqqında bu ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədov da dəfələrlə bəyan edib. Türkmən qazının Avropaya ixracının aktuallığı Rusiyanın türkmən qazının alınması həcmini 40 milyarddan 10 milyard kubmetrədək azaltmasından sonra xeyli artıb

Xəbər lenti

Xəbər lenti