...

Azərbaycan büdcəsinə neft-qaz daxilolmaları proqnozları üstələyir - Artımın drayverləri nələrdir?

Energetika Materials 26 İyul 2022 20:58 (UTC +04:00)
Azərbaycan büdcəsinə neft-qaz daxilolmaları proqnozları üstələyir - Artımın drayverləri nələrdir?
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarlarına enerji resurslarının etibarlı tədarükçüsü kimi özünü təsdiq etmiş Azərbaycan iqtisadiyyatında neft-qaz sektoru vacib rol oynamaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın xüsusi çəkisi 2021-ci ilin eyni dövründəki 18 faizlə müqayisədə 40,26 faiz təşkil edib.

Hesabat dövründə ölkə təbii qaz ixracını 2021-ci ilin eyni dövrü ilə müqayisədə (10,379 milyard kubmetr) 9,5 faiz artıraraq 11,365 milyard kubmetrə çatdırıb.

Azərbaycanın ümumi ixracında xam neft və neft məhsullarının payı isə hesabat dövründə bir il əvvəlki 65,19 faizlə müqayisədə 50,66 faiz təşkil edib. Azərbaycandan 2021-ci ilin eyni dövründəki 13 545 898 ton (5,744 milyard ABŞ dolları) ilə müqayisədə 9,361 milyard dollar dəyərində 12 915 622 tondan çox xam neft və neft məhsulları ixrac edilib.

Bütün bunlar dövlət büdcəsinə daxilolmalarda da öz əksini tapıb. Xüsusilə, 2022-ci ilin birinci yarısında neft sektorundan daxilolmalar proqnozlaşdırılan məbləği üstələyib ki, bu da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xətti üzrə vergi daxilolmalarının həcmi ilə bilavasitə bağlıdır. Belə ki, neft sektoru üzrə 2022-ci ilin birinci yarımilində artıq daxilolmalar bilavasitə SOCAR tərəfindən 667,5 milyon manat proqnoza qarşı 932,5 milyon manat vergi daxilolması olub ki, bu da proqnozla müqayisədə 265 milyon manat və ya 39,7 faiz çoxdur. Bundan başqa, hasilatın pay bölgüsü sazişləri üzrə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunndan hasil edilən xam neftin ixracı üzrə podratçı şirkətlər tərəfindən 330 milyon manat proqnoza qarşı 624,7 milyon manat mənfəət vergisi daxil olub, bu isə proqnozla müqayisədə 294,7 milyon manat və ya 89,4 çoxdur. Eyni zamanda, “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə podratçı şirkətlər tərəfindən 543,4 milyon manat mənfəət vergisi daxil olub. Bu yataqdan vergi daxilolmaları ilə bağlı proqnoz nəzərdə tutulmayıb.

Dünya birjalarında xam neftin və təbii qazın ixrac qiymətlərinin 2022-ci ilin büdcəsində nəzərdə tutulandan yüksək olması dövlət büdcəsinin neft-qaz sektorundan daxilolmalarının proqnozlaşdırılan həcmləri üstələməsinə səbəb olub. Məlum olduğu kimi, neftin qiymətinin kəskin volatilliyi makroiqtisadi və fiskal siyasətin işlənib hazırlanması və həyata keçirilməsində, o cümlədən, makrofiskal planlaşdırma və proqnozlaşdırmada ciddi problemlər yaradır, proqnozlarla faktiki göstəricilər arasında əhəmiyyətli fərqliliklərə səbəb olur. Ortamüddətli perspektivdə bu, fiskal siyasətin qarşısında duran əsas çətinliklərdən biridir. Hesablamalara görə, neftin qiymətinin hər 10 dollar ucuzlaşması ümumi büdcə gəlirlərinin hər il orta hesabla 2,6 milyard manat azalmasına səbəb olur. Ona görə də büdcə gəlirləri və xərcləri hesablanarkən neftin qiymətinin enməsi riskini azaltmaq üçün neft qiymətlərinə mühafizəkar yanaşma lazımdır.

Ortamüddətli dövr üçün büdcə parametrləri hesablanarkən neftin qiyməti ilə bağlı risklərin qarşısını almaq üçün neftin orta illik qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulmalıdır. Onu da qeyd edək ki, dövlət büdcəsi tərtib edilərkən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər xarici valyutada deyil, manatla nəzərdə tutulur, bu isə qiymət risklərinin dövlət büdcəsinə birbaşa təsirini azaldır.

2022-ci il yanvarın 1-dən qüvvəyə minən təkmilləşdirilmiş büdcə qaydası büdcənin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılmasına, fiskal sabitliyin və maliyyə intizamının gücləndirilməsinə kömək edəcək, həmçinin Dövlət Neft Fondunun aktivlərini hədəf səviyyədə saxlamağa imkan verəcək.

Qeyd edək ki, Dövlət Neft Fondunda və Mərkəzi Bankda toplanmış valyuta ehtiyatlarının xarici valyutada olan dövlət borcunu 7 dəfədən çox üstələməsi kreditorların ölkəmizə etimadını təmin edir.

Beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları da Azərbaycanın büdcəsi ilə bağlı çox müsbət proqnozlar verirlər. Belə ki, Dünya Bankının proqnozlarına görə, dövlət büdcəsinin gəlirləri əvvəlki büdcə ilə müqayisədə nominal ifadədə 8,8 faiz artacaq. Bu artım gözlənilən yüksək aktivlik və neft şirkətlərindən daha yüksək vergilər hesabına proqnozlaşdırılan enerji ehtiyatları ilə bağlı olmayan yüksək vergi gəlirlərini əks etdirir, belə ki, büdcədə neftin baza qiyməti 50 dollar/bareldən 85 dollar/barelə artırılır.

"S&P Global Ratings" agentliyi isə Azərbaycanın 2022-ci il dövlət büdcəsinin profisiti ilə bağlı proqnozunu ÜDM-in üç faizindən altı faizinədək yüksəldib. Bu proqnoz neft qiymətlərinin daha əlverişli dinamikasını əks etdirir.

Beləliklə, Azərbaycan büdcəsinin hər iki proqnozda artımı neft və qazın qiymətinin yüksək olması ilə əlaqələnir. Enerji ehtiyatları Azərbaycanın ixracının artımının drayveri qalmaqda davam edir. Azərbaycan neft və qazına artan tələbatı nəzərə alsaq, onların yüksək qiymətləri ölkəyə yüksək dividendlər gətirəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti