...

Rəşad Əzizov: Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək

Telekommunikasiya Materials 28 Avqust 2019 11:42 (UTC +04:00)
Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək.
Rəşad Əzizov: Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək

Bakı. Kəmalə Məmmədli - Trend:

Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov “AZCLOUD Hackathon 2019” müsabiqəsinə həsr olunmuş mətbuat konfransında deyib.

R.Əzizov bildirib ki, gələcəkdə hackathonlar elektron hökumət, maliyyə texnologiyaları və digər istiqamətlərdə iştirakçılara məhsul təqdim etməyə imkan yaradacaq.

Nazirlik nümayəndəsi qeyd edib ki, gələcəkdə bu müsabiqələrdə təqdim olunmuş məhsullar xaricə ixrac olunacaq. Bu savadlı və perspektivli azərbaycanlı gənclər üçün böyük şansdır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin, bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.

“AZCLOUD Hackathon 2019" müsabiqəsi üzrə qalib komanda 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat iyulun 1-dən başlayıb və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunub.

Məlumat üçün deyək ki, “Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimum isə 5 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarətdır. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulur.

Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat verilir. Komandalar tapşırığın yerinə yetirilməsi üzərində işləyir və sonda komandalar öz işlərini izahlı təqdimat şəklində təqdim edir.

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019" Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsinə görə hər komanda üçün otaq (SkyBox) ayrılıb və yarışma ərzində komandalar qida ilə təmin olunur.

“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti