Bakı. Trend:
Türkiyənin Dövlət Neft Şirkəti – TPAO və Pakistanın üç aparıcı neft-qaz şirkəti Pakistanın dəniz ərazisində neft və qaz kəşfiyyatı üzrə elan ediləcək tenderdə birgə iştirak üçün təklif hazırlayacaq.
Trend-in məlumatına görə, bu razılıq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın İslamabada səfəri çərçivəsində əldə olunub.
Pakistan tərəfdən layihəyə “Mari Energies”, “OGDCL” (Oil and Gas Development Company Limited) və “PPL” (Pakistan Petroleum Limited) şirkətləri qoşulacaq. Tərəflər 2025-ci il iyunun 30-da elan ediləcək tenderə 40 dəniz blokunu əhatə edən kəşfiyyat işləri üçün birgə təkliflə qatılacaqlar.
Türkiyənin enerji naziri Alparslan Bayraktar bu sazişi Ankara ilə İslamabad arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolunda növbəti mühüm addım adlandırıb. Onun sözlərinə görə, əldə olunan razılıq təkcə Türkiyə və Pakistan üçün deyil, bütövlükdə regionun enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.
Qeyd edək ki, Türkiyə bu istiqamətdə daha əvvəl Somalinin dəniz zonasında geoloji kəşfiyyat işləri aparmaqla bağlı da razılıq əldə etmişdi. Hazırda bu işlər “Oruç Rəis” seysmik tədqiqat gəmisinin iştirakı ilə davam etdirilir.