...

Bakıda avtomobillərin “Oyunlar zolağı”na qanunsuz keçməsi ilə bağlı son vəziyyət açıqlandı

Baku 2015 : EUROGAMES Materials 1 İyun 2015 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

"Oyunlar zolağı"na qanunsuz daxil olan nəqliyyat vasitələrinin sayı xeyli azalıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Ş.Mehmanqızı qeyd edib ki, "Oyunlar zolağı" ilə bağlı qadağalar qüvvəyə minəndən sonra ilk iki gün ərzində, xüsusən də ilk gündə sürücülərin bir hissəsii düşünmürdülər ki, sarı zolaqlı yola çıxdıqlarına görə cərimə olunacaqlar: "Lakin yol polisinin bir neçə saata yüzlərlə sürücü barəsində elektron protokol tərtib edildiyi və cərimələndiyi barədə məlumatı yayılandan sonra belə halların sayı kəskin şəkildə azaldı. Yollardakı müşahidə kameraları 300 metrə qədər çəkə bilir. Yəni zolağa girib kameranı görəndən sonra yenidən zolaqdan çıxanlar elə bilməsinlər ki, cəzasız qalacaqlar. Onların hamısı qeydə alınır və cərimələndiyi barədə sənədlər yol polisi tərəfindən onların ünvanlarına göndərilir. Hazırda isə şəhərdə vəziyyət normaldır və indi demək olar ki, sürücülər "Oyunlar zolağı"na keçmirlər".

NİİM rəsmisi həmçinin bildirib ki, ən uzun sarı zolaq Ziya Bünyadov prospektindədir və Oyunların əsas marşrut şəbəkəsi bu prospektdən keçir: "Ona görə də sürücülərə tövsiyəmiz budur ki, əgər alternativ yollardan istifadə edə bilirlərsə, maksimum dərəcədə Ziya Bünyadov prospekti əvəzinə digər yollardan istifadəyə üstünlük versinlər ki, burada nəqliyyatın sıxlığı və tıxac yaranmasın. Özləri də yolda uzun müddət qalaraq isti havada əziyyət çəkməli olmasınlar".

Xatırladaq ki, mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş - rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin həmin zolağa çıxması qadağandır. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar. Əgər "Oyunlar zolağı" digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 80 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnəcəklər.

Ş.Mehmanqızının sözlərinə görə, müvafiq qurumlar yol kənarında qanunsuz parkinq edənlərə də qarşı lazımi tədbirləri görürlər: "Oyunlarla bağlı qərargah olaraq NİİM seçilib. Lakin əvvəlcədən problemlərin proqrnozlaşdırılmasına görə, hər hansı qeyri-qanuni parklama olarsa, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə (XTAİ) və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məlumat göndərilir. Onlar da öz növbəsində tədbirlər görürlər".

O əlavə edib ki, iyunun 1-dən etibarən I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman areanalarının ətrafında nəqliyyat vasitələrinin saxlanmasına qoyulan qadağanın icrasına da ciddi nəzarət olunur: "Həmin arenaların ətrafı nəzarət kameralarının daimi müşahidəsi altında olmaqla yanaşı, polis tərəfindən də qorunur. Rəsmi icazə sənədi olmadan avtomobillərini həmin ərazilərdə saxlayan şəxslərə fərdi şəkildə xəbərdarlıq edilir. Onlar da avtomobillərini problemsiz ərazidən uzaqlaşdırırlar".

Qeyd edək ki, Bakıda I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılıb. Ona görə də həmin zonalarda rəsmi icazəsi olmayan şəxslərin nəqliyyat vasitələrini saxlaması bir ay müddətinə qadağan edilib. Hətta həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılıb. Bu zonalarda avtomobillərini yalnız parklanmaya xüsusi icazə sənədi olan və həmin ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil - kommunal idarələrinə müraciət etməlidirlər. Əks halda, həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər dərhal təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Bu qadağa iyulun 1-dək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti