...

Politoloq Rasim Musabəyov: "Transxəzər qaz kəmərini Ermənistansız həyata keçirmək mümkündür"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2007 15:24 (UTC +04:00)

"Transxəzər qaz kəmərini Ermənistansız həyata keçirmək mümkündür."

Bu sözləri Trend ə açıqlamasında politoloq Rasim Musabəyov deyib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan parlamentdə çıxışı zamanı bildirib ki, rəsmi İrəvan Transxəzər qaz kəmərinə qoşulmaq perespektivlərini araşdırır və gələcəkdə bu məsələ reallaşa bilər.

R.Musabəyov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrdə Ermənistanın iştirak etməsi mümkün deyil.

"Ancaq onu da nəzərə almaq lazımdır ki, bu kəmər Azərbaycana məxsus deyil. Azərbaycanın bu kəmərdə öz maliyyəsi ilə iştirak edib-etməyəcəyi, orada pay sahibi olub-olmayacağı haqqında hələlik müzakirələr getmir. Yeganə bir məsələ ola bilər ki, Azərbaycan bu kəmərin öz ərazisindən çəkilməsinə razılıq versin", -deyə R.Musabəyov əlavə edib.

Onun fikrincə, adıçəkilən kəmərlə bağlı bir məsələ dəqiqdir: Trasxəzər qaz xətti Ermənistandan keçməyəcək: "Bu beynəlxalq bir kəmərdirsə və qaz da Mərkəzi Asiya ölkələrinə məxsusdursa, istisna etmək olmaz ki, nə vaxtsa kəmərin Gürcüstandan keçən hissəsindən Ermənistana bir xətt çəkilsin. Bununla da Ermənistan Mərkəzi Asiya qazını almaq imkanı əldə etsin. Lakin Ermənistanın tranzit bir ölkəyə çevrilməsi nəzərdə tutulmayıb."

Politoloq deyib ki, əgər Transxəzər qaz kəmərini Ermənistan ərazisindən keçirmək məsələsi gündəmə gəlsə Azərbaycanın bu layihədən imtana etmək imkanı var.

"Azərbaycansız isə bu layihəni həyata keçirmək qeyri-mümkündür. Amma Ermənistansız bu layihə həyata keçirilə bilər. Ona görə də Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Transxəzər qaz kəmərinin Ermənistandan keçməsini istisna edirəm", -deyə politoloq vurğulayıb.

R.Musabəyovun fikrincə, əgər Transxəzər kəmərindən Ermənistana qaz xətti çəkilərsə rəsmi Bakının bunun qarşısını alması çətin olacaq. Çünki kəmərin də, qazın da öz sahibi var.

Xəbər lenti

Xəbər lenti