Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir D.Xatınoğlu/ İran prezidenti Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurasının (TŞ) İranın nüvə proqramına dair yeni Qətnaməsini etibarsız və əhəmiyyətsiz adlandırıb. "Bizim fikrimizcə, bu qətnamə hüquqi və texniki cəhətdən etibarsız və əhəmiyyətsizdir"- deyə Əhmədinejad qeyd edib.
BMT Təhlükəsizlik Şurası martın 3-də İranın nüvə proqramına dair üçüncü Qətnaməni qəbul edib. TŞ-nin 14 qeyri-daimi üzvü yeni Qətnamənin tətbiqinin lehinə səs verib, İndoneziya isə bitərəf mövqe tutub.
"İranın nüvə mövzusu sırf siyasi bir məsələyə çevrilib və ümumiyyətlə, İran xalqı ilə heç bir əlaqəsi yoxdur. Çünki bu mövzunu gündəmə gətirən ölkələr, ümumiyyətlə bizim xalqımızın inkişafına qarşı çıxmış və çıxmaqdadırlar" - deyə Əhmədinejad əlavə edib. İranın Azərbaycandakı səfirliyinin martın 6-da Trend a verdiyi məlumata əsasən, Əhmədinejad bildirib ki, İranın nüvə mövzusunun Beynəlxalq Atom Enerjisi Agentliyinə heç bir aidiyyati yoxdur və BMT TŞ əslində Təhlükəsizlik Şurası deyil, sadəcə bir neçə gücün əlində vasitədir.
Prezident Əhmədinejad İranın nüvə dosyesinin bağlandığını bir daha vurğulayaraq qeyd edib: "İranın nüvə planına dair yaranmış şübhələrə aydınlıq gətirilib və MAQATE-nin hesabatı da rəsmi və aydın şəkildə bütün ittihamların bitdiyini göstərib". İran prezidenti daha sonra əlavə edib: "Agentliyin ümumi hesabatından əlavə, bizdə İrana qarşı yürüdülən ittihamların hər birinə dair Agentlik tərəfindən verilən məktub və təsdiqləyici sənədlər də var. Bununla da məsələnin tam olaraq bitdiyini düşünürük".
BMT TŞ İrandan uranı zənginləşdirilməsini dayandırmağı tələb edib. 2003-cü ildən etibarən, üç il müddətində rəsmi Tehran uranın zənginləşdirilməsi planını dayandırsa da, 2006-cı ildən plan yenidən işləyir. BMT TŞ bu səbəbdən İran əleyhinə 3 Qətnamə qəbul edib. 3-cü Qətnamədə, İranın nüvə planı ilə əlaqədar 18 rəsmisinin xaricə səfərinə və 13 şirkətlə iqtisadi əlaqə qurmağa qadağa qoyulub. Həmçinin, xarici şirkətlərin İranın "Melli" və "Saderat" bankları ilə iqtisadi əlaqədə daha diqqətli olmağı, ölkəyə idxal olunan mallara kredit verməkdə, sığortalamada ehtiyatlı olmağa çağırıb. İrana idxal olunan yüklərin nəzarətdən keçirilməsi xüsusi vurğulanıb.